Bakı metrosunda bu gün baş vermiş çaxnaşmanın səbəbi aydınlaşdırıldı

Nəticədə "28 May" stansiyası və sonrakı stansiyalarda bu rəqəm intervalla birlikdə 11-12 dəqiqəyə çatıb
Sputnik

Bakı, 23 oktyabr — Sputnik. Bu gün səhər saatlarında Bakı metrosunda qatarların hərəkətində problem yaranıb. Belə ki, Dərnəgül stansiyasından Həzi Aslanov stansiyası istiqamətində hərəkət edən qatar 12 dəqiqə gecikib.

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Sputnik Azərbaycan-a yaranmış gecikmə ilə bağlı məlumat verib. O bildirib ki, gecikməyə səbəb "Neftçilər" stansiyasının dalanından xəttə çıxmalı olan 38 saylı qatarda yaranmış problem olub.

"Həmin qatar, təxminən, 5 dəqiqə yubanıb. Nəticədə "28 May" stansiyası və sonrakı stansiyalarda bu rəqəm intervalla birlikdə 11-12 dəqiqəyə çatıb" — deyə qurum sözçüsü əlavə edib.

B.Məmmədov həmin marşrut üzrə hərəkət edən digər qatarın "Nizami" stansiyasında bir neçə dəqiqə ləngiməsinə də aydınlıq gətirib: "Qaydalara görə, əgər qatar stansiyaya tez çatarsa, dispetçerin göstərişi ilə o bir neçə dəqiqə gözlədilə bilər. Bu, tuneldə digər qatarların hərəkəti üçündür".