HADİSƏ

Gəmidə ölən İran vətəndaşlarının meyiti təhvil verildi

Gəmini tərk etməyən kapitan elə gəmidəcə müalicə olunub və hazırda vəziyyəti yaxşıdır
Sputnik

BAKI, 22 oktyabr — Sputnik. Bir neçə gün öncə  Xəzər dənizində, Pirallahı adasından 21 mil məsafədə Aktau-Bakı marşrutu üzrə hərəkət edən İran İslam Respublikasına məxsus “Nazmehr” quru yük gəmisində zəhərlənənlər xəstəxanadan buraxılıblar.

Bakıya yaxınlaşan gəmidə böyük fəlakət yaşanıb, hadisənin təfərrüatı ortaya çıxdı

Sputnik Azərbaycan Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirova istinadən xəbər verir ki, zəhərlənmədən xəstəxanada müalicə alan xəstələr İran Konsulluğunun işçiləri tərəfindən aparılıblar: “Gəmini tərk etməyən kapitan elə gəmidəcə müalicə olunub və hazırda vəziyyəti yaxşıdır. İran konsulu zəhərlənənləri müalicə edən həkimlərə təşəkkürünü bildirib”.

Pərviz Abubəkirov onu da bildirib ki, ölən şəxslərin meyitləri aidiyyatı üzrə təhvil verilib.

Xatırladaq ki, 19 oktyabrda İran gəmisində kütləvi zəhərlənmə olub. Gəminin 12 heyət üzvü zəhərlənib.

Həkim briqadası gələnə kimi 3 İran vətəndaşı dünyasını dəyişib. 8 nəfər isə xəstəxanaya aparılıb. Onlardan birinin vəziyyəti yaxşı olduğu üçün tibbi yardım göstərilərək İran səfirliyi tərəfindən aparılıb. Qalan 7 nəfər isə müalicə alıb. Gəmi kapitanı isə gəmini tərk edə bilmədiyi üçün ona gəmidə yardım göstərilib.