SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ekspert İrana qarşı sanksiyaların Azərbaycana təsirlərini açıqladı

İqtisad elmləri doktoru Müslüm İbrahimov deyir ki, sanksiyalar enerji layihələrinə öz təsirini göstərəcək
Sputnik

Müslüm İbrahimov: “Bu sanksiyalar bütün Xəzəryanı ölkələrə təsir edəcək”
“İrana qarşı sanksiyalar Azərbaycana da təsir edəcək”. Bunu Sputnik Azərbaycan-a ABŞ-ın İrana qarşı sanksiyalarının regional təsirləri haqqında danışarkən Dövlət İqtisad Universitetinin (UNEC) dosenti, iqtisad elmləri doktoru Müslüm İbrahimov deyib.

Ekspert bildirib ki, bu təsirlərin müsbət və mənfi tərəfləri var: “Müsbət tərəfi odur ki, İran və Azərbaycan arasındakı ikitərəfli iqtisadi əlaqələrə təsir edəcək. Azərbaycanın İranla xarici ticarətində artım olacaq. Təbii ki, bu sanksiyaların mənfi təsirləri də gözlənilir. Biz bilirik ki, Azərbaycan bir neçə enerji və nəqliyyat layihələrini reallaşdırır. Gələcəkdə bu layihələrdə İranın da iştirakı nəzərdə tutulmuşdu. Ancaq yeni tətbiq olunacaq sanksiyalar bu prosesi bir müddət təxirə sala bilər. Həmçinin İranın ixrac etdiyi məhsulların ölkəmiz üzərindən daşınmasına da əngəl yaradacaq. Ümumiyyətlə isə bu sanksiyalar dolayı yolla da olsa bütün Xəzəryanı ölkələrə təsir edəcək”.

Qeyd edək ki, ABŞ-ın İrana sanksiyalarının ikinci hissəsi noyabrın 4-də qüvvəyə minəcək. Yeni sanksiyaların əsas hədəfi İran Milli Neft Şirkəti, İran Neft Ticarəti Şirkəti və Milli Tanker Şirkəti olacaq.

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz