İQTİSADİYYAT

Qanun da var, qayda da müəyyənləşib, amma fəaliyyətə keçən yoxdur

"Bu gün bankların əsas funksiyalarından biri valyuta dəyişməklə məşğul olmaq və buradan ciddi mənfəət götürməkdən ibarətdir"
Sputnik

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 22 oktyabr — Sputnik. "Azərbaycanda valyutadəyişmə məntəqələrinin fəaliyyətinin bərpa edilməsi ilə bağlı qanun qəbul edilib, qaydalar var və hər kəs bu məntəqələri aça bilər. Amma bununla bağlı istək yoxdur".

Bunu bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov Sputnik Azərbaycan-a açıqlamasında valyutadəyişmə məntəqələrindən danışarkən deyib.

"Exchange"lər qayıdır

Onun sözlərinə görə, valyutadəyişmə məntəqəsi təsis edən şəxs bankda 50 min manat və 50 min dollar məbləğində depozit saxlamalıdır: "Həmin şəxs bu vəsaitə dəyə bilməz. Yəni, valyutadəyişmə məntəqəsinin açılması kifayət qədər xərc tələb edir. Depozit saxla, icarəyə yer götür və s. Digər tərəfdən, valyuta əməliyyatlarına, valyuta mübadiləsinə tələbat azalıb. Ona görə də buna elə bir ciddi maraq yoxdur".

Ekspert bildirib ki, həmçinin bankların üzərindən bu əməliyyatlar əsnasında marja tələbi var idi: "Marja əvvəllər 2 faiz idi, sonra isə 4 faiz olub. Hazırda bankların valyutadəyişmə əməliyyatları zamanı Mərkəzi Bankın məzənnəsindən fərqlənmə, marja yoxdur. Banklar onsuz da istədiyi məzənnə ilə valyuta dəyişir. Bu da həmin məntəqələrin rəqabət qabiliyyətliliyini azaldır. Bütün bunlar məntəqələrə marağın olmamasının obyektiv səbəbləridir".

Ekspert praktiki cəhətdən də buna elə bir ciddi ehtiyac görmür: "Bu gün demək olar ki, heç bir Avropa dövlətində valyutadəyişmə məntəqəsi yoxdur. Hətta bank filiallarının əksəriyyəti də valyutanı dəyişmir. Çünki ödənişlər, əsasən, kartlar ilə edilir, nağdsızdır. Ötən ildən Azərbaycanda da nağdsız hesablaşmalar haqqında qanun var".

"Deputatlar xarici turistlərin Azərbaycanda pul dəyişə bilmədiklərini deyirlər. Bu, şişirdilmiş məsələdir. Birincisi, xaricilərin ödəniş və bank kartları var, həmin kartlar ilə istənilən yerdə ödəniş edə bilərlər. Haradasa kartı qəbul etmirlərsə, bu, tamamilə başqa məsələdir və bu barədə tədbir görülməlidir" — deyə o qeyd edib.

Onun sözlərinə görə, digər tərəfdən, iş saatları ərzində istənilən bank, bank filialı valyutadəyişmə əməliyyatını aparır: "Bizdə bank filialı olmayan küçə yoxdur. Elə banklar var ki, onların filialları qeyri-iş günlərində və saatlarında da işləyir. İş saatlarında pulunu dəyişə bilməyənlər həmin filiallara yaxınlaşsın. Hesab edirəm ki, burada elə də ciddi problem yoxdur".

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov isə deyib ki, hazırda valyutadəyişmə məntəqələri bankların inhisarındadır: "Təəssüf ki, banklar öz əsas funksiyasını yerinə yetirmək əvəzinə dolların məzənnəsinin artıb-azalmasından mənfəət əldə etmək, istehlak kreditlərinin maliyyələşdirilməsi və bu kimi ölkə iqtisadiyyatının dayanıqlı inkişafına fayda verməyən məsələlərlə məşğuldurlar. Banklar maliyyə axınlarının maliyyə sektoruna, real sektora yönəldilməsində transmissiya mexanizmi funksiyasını yerinə yetirməlidirlər".

Onun sözlərinə görə, valyutadəyişmə məntəqələrinin məhz banklar tərəfindən inhisarda saxlanılması düzgün yanaşma deyil: "Bu sahədə artıq qanunvericilik bazası var və burada rəqabət mühiti artırılmalıdır. Bankların əsas funksiyası iqtisadiyyatın maliyyələşdirilməsi olmalıdır. Təəssüf ki, bu gün bankların əsas funksiyalarından biri valyuta dəyişmək ilə məşğul olmaq və buradan ciddi mənfəət götürməkdən ibarətdir. Bu praktikadan uzaqlaşmaq lazımdır".

Ekspert: xaricdəki “Exchange”lər manat almağa qorxurlar, çünki...

Qeyd edək ki, millət vəkili Vahid Əhmədov mətbuata açıqlamasında deyib ki, yaxın günlərdə Azərbaycanda, xüsusilə paytaxt Bakıda valyutadəyişmə məntəqələrinin yenidən açılmasına başlanılacaq.

Millət vəkili bu məsələnin bir neçə müddətdir problemə çevrildiyini, onunla bağlı dəfələrlə iradlar bildirildiyini və artıq iradların nəzərə alınaraq, problemin yoluna qoyulması istiqamətində hazırlıqlara başlanıldığını deyib.

"Onlar daha çox insanların gur olduğu məkanlarda, iri ticarət mərkəzlərində, dəmiryolu vağzalında, avtovağzalda, hava limanında, nəqliyyatın, gediş-gəlişin gur olduğu yerlərdə açılmalıdır və açılacaq. Artıq insanların bu məsələdəki əziyyətinə, narahatlığına son qoyulacaq" — deyə millət vəkili əlavə edib.