BAKI, 21 oktyabr — Sputnik. Bakıda kafelərin birində müştərilərə oxatan kirpi əti verilib.
Sputnik Azərbaycan Xəzər TV-yə istinadla xəbər verir ki, bunu təsdiq edən videoçarx sözügedən restoranın müştəriləri tərəfindən çəkilərək YouTube kanalına yüklənib.
Görüntülərdə müştərilər kirpi kababının dadlı olduğunu qeyd edirlər. Həmçinin oxatan kirpinin ətinin payız aylarında yeyilməsini də tövsiyə edirlər.
"Kirpi balaca və hərəkətli heyvandır. Oxlu kirpi nisbətən böyük olsa da, çox hərəkət etdiyindən əti bir qədər bərk olur. Ümumiyyətlə, kirpi ətinin payız aylarında yeyilməsi daha məqsədəuyğundur" — deyə müştərilərdən biri videoda bildirir.
Sözügedən restoranın rəhbərliyi Youtube-dakı həmin videogörüntünün xeyli müddət əvvəl çəkildiyini qeyd edib. Kirpi ətinin restorana ovçular tərəfindən gətirildiyi bildirilib.
Oxatan kirpinin ovlanması qadağandır və nəsli kəsilmək üzrə olduğundan onun adı "Qırmızı kitab"a salınıb.
Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib ki, ölkədə oxatan kirpi kimi canlıların nəsli kəsilməkdə olduğundan onların ovlanması artıq 10 ilə yaxındır ki, qadağandır.
Vətəndaşlar bu kimi hallarla qarşılaşanda mütləq nazirliyin 168 saylı çağrı mərkəzinə məlumat verməlidirlər.
Nazirlik tərəfindən məsələ araşdırılacaq, əgər fakt təsdiqini taparsa, lazımi tədbirlər görüləcək.