Rəsmı etiraf edildi: Camal Qaşıqçı konsulluqda öldürülüb

Amma onun hansı formada öldürüldüyü və həmin şəxslərin kim olduğu barədə suala aydınlıq gətirilməyib
Sputnik

BAKI, 20 oktyabr — Sputnik. Səudiyyə Ərəbistanı hökuməti Vaşinqton Post qəzetinin jurnalisti Camal Qaşıqçının ölkənin İstanbuldakı Baş konsulluğunda öldürüldüyünü təsdiq edib. Sputnik AzərbaycanReuters-ə istinadla xəbər verir ki, bu barədə ölkənin baş prokuroru dövlət televiziyası ilə bəyanat yayıb.

Camal Qaşıqçı olayından yeni xəbər — Konsul qaçdı

Hakimiyyət orqanları iddia edir ki, Qaşıqçı konsulluq binasında rast gəldiyi insanlarla münaqişə nəticəsində öldürülüb. Amma onun hansı formada öldürüldüyü və həmin şəxslərin kim olduğu barədə suala aydınlıq gətirilməyib.

Səudiyyə Ərəbistanı kralı Salman ibn Əbdül Əziz əs-Səud ölkənin Ümumi Kəşfiyyat Xidməti rəhbərinin müavini general Əhməd Əsirini vəzifəsindən azad edib. O, kral sarayının müşaviri statusundan da azad olunub. Bundan başqa, vəliəhd şahzadənin müşaviri Səud ibn Abdulla əl-Kaxtani də vəzifəsindən kənarlaşdırılıb.

Həmçinin bildirilir ki, Qaşıqçının qətlə yetirilməsi ilə bağlı iş bağlı Səudiyyə Ərəbistanının 18 təbəəsi saxlanılıb. Jurnalistin ölümü ilə bağlı araşdırma davam edir.

Camal Qaşıqçı oktyabrın 2-də Səudiyyə Ərəbistanının Türkiyədəki konsulluğuna gedəndən sonra yoxa çıxıb. O, boşanma haqqında sənəd almaq üçün konsulluq binasına girib. Onu binanın qarşısında gözləyən sevgilisi bildirib ki, jurnalist binadan çıxmayıb. Diplomatik missiyanın əməkdaşları isə Qaşıqçının konsulluğu tərk etdiyini bildirirdilər.

Türkiyə xüsusi xidmət orqanları konsulluqda 2 dəfə axtarış aparıblar. Onların məlumatına görə, Qaşıqçı binada Səudiyyə Ərəbistanından gələn xüsusi qrup tərəfindən öldürülüb. Daha sonra onun başı kəsilib, bədəni parçalanıb və xüsusi çamadanda konsulluq binasından çıxarılıb.