BAKI, 19 oktyabr — Sputnik. Xəzər dənizinin mərkəzi hissəsində, Pirallahı adasından 21 mil məsafədə Aktau-Bakı marşrutu üzrə hərəkət edən İran İslam Respublikasına məxsus "Nazmehr" quru yük gəmisində kütləvi zəhərlənmə baş verib. Gəminin 12 heyət üzvü zəhərlənib.
Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirovun Sputnik Azərbaycan-a verdiyi məlumata görə, Təcili tibbi yardıma çağırış daxil olandan dərhal sonra həkim briqadası hadisə baş verən yerə gedib: "Həkim briqadaları gedənə kimi 3 nəfər artıq dünyasını dəyişib. 7 nəfər isə 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib".
"Ölənlərin birinin 28, digərinin 29, üçüncünün isə 32 yaşı var. Hər üçü İran İslam Respublikasının vətəndaşıdır. Digər 7 nəfərin vəziyyəti isə orta-ağırdır. Gəminin kapitanı xəstəxanaya köçürülməkdən imtina edib, çünki onun gəmini tərk etmək ixtiyarı yoxdur. Kapitana gəminin daxilində tibbi yardım göstərilir. Onun vəziyyəti normaldır və ölüm təhlükəsi yoxdur" — deyə Səhiyyə Nazirliyinin sözçüsü bildirib.
Abubəkirov qeyd edib ki, zəhərlənənlərin və ölənlərin hamısı İran vətəndaşlarıdır: "İlkin ehtimala görə zəhərlənməyə səbəb gəmidə gətirilən taxıla vurulan kimyəvi maddədir. Zərərçəkmişlərin dediyindən belə qənaətə gəlmək olur ki, gəmidə İrandan Azərbaycana gətirilən taxıl xarab olmasın deyə ona kimyəvi maddə vurublar. Güman ki, onların zəhərlənməsinə bu maddə səbəb olub".
"Amma yenə də hər şey ekspertizanın rəyindən sonra dəqiq məlum olacaq. Xəstələr isə tam müalicə olunandan sonra ölkələrinə geri dönəcəklər" — deyə Pərviz Abubəkirov əlavə edib.
Xəzər dənizində Aktaudan Bakıya gələn gəminin heyət üzvləri arasında kütləvi zəhərlənmə qeydə alınıb. Sərhəd gözətçi gəmisi 00:30 radələrində "Nazmehr" yük gəmisinə yaxınlaşaraq ağır vəziyyətdə olan 7 nəfərlik heyət üzvünü qəbul edib. Onlara ilkin tibbi yardım göstərilib və gəmi Abşeron limanı istiqamətində sahilə yan alıb. Xəstələrə təcili tibbi yardımın göstərilməsi üçün limana həkim briqadaları cəlb edilib.