HADİSƏ

İranın Bakıdakı səfirliyi Xəzər dənizində baş verən insidentə aydınlıq gətirdi

Gəminin göyərtəsində olan 3 nəfər həkimlər gələnə kimi zəhərlənmədən vəfat edib
Sputnik

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 19 oktyabr — Sputnik. Xəzər dənizinin mərkəzi hissəsində, Pirallahı adasından 21 mil məsafədə Aktau-Bakı marşrutu üzrə hərəkət edən İran İslam Respublikasına məxsus "Nazmehr" quru yük gəmisində kütləvi zəhərlənmə nəticəsində ölən İran vətəndaşlarının kimliyi müəyyənləşdirilib. Bunu Sputnik Azərbaycan-a açıqlamasında İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin mətbuat katibi Seyid Əli Musavi bildirib.

"Fövqəladə Hallar Nazirliyindən hadisə ilə bağlı səhər saatlarında Aktau-Bakı marşrutu üzrə hərəkət edən İran İslam Respublikasına məxsus "Naz­mehr" quru yük gəmisində problem yaşanmasına dair məlumat daxil oldu. Belə ki, gəminin göyərtəsində olan 3 nəfər həkimlər gələnə kimi zəhərlənmədən vəfat edib. Daha 8 nəfər isə xəstəxanaya yerləşdirilib" — deyə səfirlik sözçüsü qeyd edib.

Onun sözlərinə görə, səfirliyin əməkdaşı bu üç nəfərin cəsədinin kimi məxsus olmasını müəyyənləşdirib: "Səfirlik rəsmisi, həmçinin xəstəxanada olanlara da baş çəkib. Onların vəziyyəti hazırda yaxşıdır, həkim nəzarətindədirlər".

Mətbuat katibi heyət üzvlərinin nədən zəhərləndiyinin hələlik aydın olmadığını bildirib: "Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi onların nədən vəfat etdiyini aydınlaşdıracaq".

Musavi, insident nəticəsində ölən İran vətəndaşlarının adlarını da açıqlayıb. Onlar aşağıdakı şəxslərdir:

Əkbər Masumi Kərim oğlu — 1989-cu il təvəllüdlü,

Seyid Mortaza Mirhüseyn oğlu — 1986-cı il təvəllüdlü,

Sayyad Mosleh Fereydun oğlu – 1990-cı il təvəllüdlü.

Qeyd edək ki, 18 oktyabr tarixində saat 21:20 radələrində Xəzər dənizinin mər­kəzi hissəsində, Pirallahı adasından 21 mil məsafədə Aktau-Bakı mar­­şrutu üzrə hərəkət edən İran İslam Respublikasına məxsus "Naz­mehr" quru yük gəmisində heyət üzvlərinin kimyəvi zəhərlənməsi ilə əla­qədar təxirəsalınmaz köməklik göstərilməsi üçün müraciət edilməsi barədə Döv­lət Dəniz Agentliyindən Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinə məlumat daxil olub.

Bakıya yaxınlaşan gəmidə böyük fəlakət yaşanıb, hadisənin təfərrüatı ortaya çıxdı

Daxil olmuş məlumat dərhal dövlət sərhədinin mühafizəsində olan Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin sərhəd gözətçi gəmisinə çatdırılmış və İİR gəmisi olan koordinatlara istiqamətləndirilib

Sərhəd gözətçi gəmisi 00:30 radələrində "Nazmehr" yük gəmi­si­nə yan almış və 12 nəfər heyət üzvündən (1 nəfər Ukrayna, 11 nəfər İİR və­təndaşı) huşsuz vəziyyətdə olan 7 nəfəri gəminin göyərtəsinə götü­rərək sürətlə sahilə doğru hərəkət edib. İİR vətəndaşları "Naz­mehr" quru yük gəmisindən təxliyə edilərkən gəmi kapitanı onlardan 3-də həyat əlamətlərinin olmamasını bildirib. Sərhəd gözətçi gəmisində digər 4 nəfərə ilkin tibbi yardım göstərilmiş, qabaqlayıcı tədbirlər görülməklə təcili tibbi yardım maşınları Abşeron dəniz limanına çağırılmış və xilas edilmiş heyət sahilə çıxarılaraq tibb briqadalarına təhvil verilib.

Saat 04:00 radələrində "Nazmehr" quru yük gəmisinin kapitanı sərhəd gözətçi gəmisi ilə yenidən rabitə əlaqəsi saxlayaraq daha 4 nəfər heyət üzvünün vəziyyətinin pisləşməsini bildirmiş və köməklik göstərilməsini xahiş edib

Sərhəd gözətçi gəmisi müraciətə dərhal reaksiya verərək gəmiyə doğru istiqamət götürmüş və daha 4 nəfər heyət üzvü xilas edilərək Abşeron dəniz limanına çatdırılıb.

Xilas edilmiş gəmi heyəti Respublika Toksikologiya Mərkəzinə yerləşdirilib.