Səkkiz dəqiqəlik mübarizə və səs yazısı - Müdhiş fakt ortaya çıxdı

Jurnalist Baş Konsulluqda olan şəxslər tərəfindən boğularaq qətlə yetirilib
Sputnik

BAKI, 19 oktyabr — Sputnik. ABŞ dövlət katibi Mayk Pompeo səudiyyəli jurnalist Camal Qaşıqçının öldürülməsinin səs yazısına qulaq asıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "ABC News"-a Türkiyədən yüksək rütbəli bir məmur məlumat verib.

Tramp dünya gündəmini silkələyən faktı təsdiqlədi

Onun sözlərinə görə, səs yazısı Pompeoya Türkiyəyə səfəri zamanı təqdim edilib və ona səs yazısının stenoqramı təqdim olunub. "ABC News" mənbəyə istinadən xəbər verir ki, Qaşıqçı Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda 8 dəqiqəlik mübarizədən sonra öldürülüb. Qaşıqçı konsulluqda olan şəxslər tərəfindən boğularaq qətlə yetirilib.

Lakin ABŞ Dövlət Departamenti Pompeonun səs yazısını dinlədiyini və ya stenoqramı gördüyünü inkar edir. Bildirilir ki, dövlət katibi ötən gün Səudiyyə Ərəbistanı və Türkiyəyə səfəri ilə bağlı prezident Donald Trampa hesabat verib. Sonuncu isə daha sonra jurnalistlərə açıqlamasında Qaçıqçının böyük ehtimalla öldüyünü bildirib.

Qeyd edək ki, Türkiyənin "Yeni Şafak" qəzeti qətl zamanı yazılan səs yazılarına istinadən xəbər verir ki, yoxa çıxdığı bildirilən səudiyyəli jurnalist Camal Qaşıqçıya əvvəlcə işgəncə verilib, daha sonra başı bədənindən ayrılıb.

Nəşr yazır ki, Qaşıqçı İstanbulda Səudiyyə Ərəbistanının Baş Konsulluğunda olduğu vaxt ağır işgəncələrə məruz qalıb: "Sorğu zamanı onun barmaqlarını, daha sonra isə başını kəsiblər".

Qeyd olunur ki, Baş konsul Məhəmməd İbrahim əl-Uteybi Qaşıqçının konsulluqdan kənarda öldürülməsini istəyib, lakin Səudiyyədən gələn qrup buna məhəl qoymayıb. Hələlik Səudiyyə hakimiyyəti bu məlumatları şərh etməyib.

Politoloq: “Qaşıqçının öldürülməsi geoploitik anlamda təsirsiz ötüşməyəcək”

Bu arada, ABŞ-ın dövlət katibi Mayk Pompeo jurnalistin yoxa çıxması ilə bağlı Səudiyyə Ərəbistanı rəhbərliyi ilə danışıqların yekunları barədə məlumat verərkən qeyd edib ki, araşdırma şəffaf keçiriləcək və bu işə aid olan yüksək rütbəli məmurlar da daxil olmaqla, hər bir şəxs məsuliyyətə cəlb olunacaq.

O, həmçinin əlavə edib ki, Səudiyyə Ərəbistanı da araşdırmanın aparılmasında maraqlıdır və bu işə dəxli olan şəxslərin hamısı məsuliyyətə cəlb olunacaqlar.

Xatırladaq ki, oktyabrın 2-də "Washington Post" qəzetinin müxbiri Camal Qaşıqçı Sәudiyyә Әrәbistanının İstanbuldakı Baş Konsulluğunun binasına girdikdən sonra onunla əlaqə yaratmaq mümkün olmayıb.

O, yoxa çıxmazdan 3 gün əvvəl verdiyi müsahibədə deyib ki, Səudiyyə Ərəbistanında hakimiyyəti tənqid edən jurnalistlər həbs olunur: "Həbs olunanlar müxaliflər də deyil. Bu, insanları qorxudur. Mən sadəcə bir jurnalistəm. "Washington Post" qəzeti mənə bir yer verdi və mən də orada fikirlərimi sərbəst yazıram. Kaş, bu imkan mənə öz ölkəmdə veriləydi" – deyə səudiyyəli jurnalist müsahibəsində bildirib.