HADİSƏ

Artur Rasi-zadənin müşavirinin kürəkəni güllələnib

Hadisə dünən axşam saatlarında iki nəfər tərəfindən törədilib
Sputnik

BAKI, 18 oktyabr — Sputnik. Dünən axşam saatlarında İstanbulun Beykoz rayonunda tanınmış iş adamı Mustafa Erkin Karamana silahlı hücum olub. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, hücum zamanı iş adamı yaralanıb.

Məlumata görə, hadisə axşam 20.00 radələrində Beykoz Soyuqsu meydanında baş verib. Naməlum şəxslər iş adamının avtomobilinə 5 dəfə atəş açıblar. Hücum zamanı iş adamı iki güllə yarası alıb.

Karaman yaralı halda hadisə yerindən uzaqlaşa bilib. Sonradan onu Beykoz Dövlət Xəstəxanasına gətiriblər. Burada ilkin tibbi yardım göstərildikdən sonra iş adamı özəl xəstəxanalardan birinə köçürürülüb.

Hücumla bağlı polis araşdırmaya başlayıb. Məlum olub ki, hadisə iki nəfər tərəfindən törədilib. Onlar gecə saat 4.00-də yaxalanıblar. Hücum edən şəxslərin üzərindəm 1 tapança və iki ov tüfəngi götürülüb.

Qeyd edək ki, iş adamı Mustafa Karaman Erkin Azərbaycanın keçmiş Baş naziri Artur Rasi-zadənin müşaviri olmuş Musa Məmmədovun qızı Günel Məmmədova ilə evlidir. Onlar 2012-ci ildə ailə həyatı qurublar.

Onu da xatırladaq ki, cari il sentyabrın 19-u gecə İstanbulun Florya rayonunda azərbaycanlı iş adamı Etimad İsmayılov öz ofisində silahlı hücuma məruz qalıb. Başından 2 və ürəyindən 1 güllə ilə yaralanan İsmayılov aparıldığı xəstəxanada vəfat edib. İş adamını qətlində sabiq polis rəisi Gözəl Dəmirov şübhəli hesab edilir.

Türkiyə polisinin apardığı əməliyyat-axtarış tədbirləri nəticəsində G.Dəmirov Beşiktaşda saxlanılıb, onunla birlikdə sürücüsü də saxlanılıb.

Etimad İsmayılov 80-ci illərin sonu və 90-cı illərin əvvəllərində Azərbaycanın Baş prokuroru və Ədliyyə naziri işləmiş İlyas İsmayılovun oğludur. O, həmçinin tanınmış teleaparıcı Sevil Nuriyevanın həyat yoldaşıdır.