Qalmaqallı olayda adı hallanan konsulla bağlı yeni xəbər var

Uteybi ötən gün saat Bakı vaxt ilə saat 18:00-da Türkiyəni tərk edərək ölkəsinə getmişdi
Sputnik

BAKI, 17 oktyabr — Sputnik. Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulu Məhəmməd Uteybi istefaya göndərilib.

Sputnik Azərbaycan "Son Dakika"ya istinadən xəbər verir ki, bu barədə ərəb KİV-i məlumat yayıb.

Bildirilib ki, ötən gün Türkiyədən ölkəsinə qayıdan baş konsul dərhal işdən azad olunub.

Yayılan məlumatlarda konsulun fəaliyyətində yol verdiyi nöqsanlara görə işdən çıxarıldığı qeyd olunub. Baş konsulun eyni zamanda fəaliyyətində yol verdiyi nöqsanlara görə istintaqa cəlb olunacağı bildirilib. Onun fəaliyyətində hansı nöqsanlara yol verdiyi açıqlanmır. 

Yoxa çıxmış jurnalistlə bağlı qorxunc xəbər: Əvvəl barmaqlarını, sonra başını kəsiblər

Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulu Məhəmməd Uteybi ötən gün saat Bakı vaxt ilə saat 18:00-da Türkiyəni tərk edərək ölkəsinə getmişdi.

Xatırladaq ki, oktyabrın 2-də "Washington Post" qəzetinin müxbiri Camal Qaşıqçı Sәudiyyә Әrәbistanının İstanbuldakı Baş Konsulluğunun binasına girdikdən sonra onunla əlaqə yaratmaq mümkün olmayıb.

O, yoxa çıxmazdan 3 gün əvvəl verdiyi müsahibədə deyib ki, Səudiyyə Ərəbistanında hakimiyyəti tənqid edən jurnalistlər həbs olunur: "Həbs olunanlar müxaliflər də deyil. Bu, insanları qorxudur. Mən sadəcə bir jurnalistəm. "Washington Post" qəzeti mənə bir yer verdi və mən də orada fikirlərimi sərbəst yazıram. Kaş, bu imkan mənə öz ölkəmdə veriləydi" – deyə səudiyyəli jurnalist müsahibəsində bildirib.