MƏDƏNİYYƏT

"Səni deyirlər"in ifaçısından özəl: "O qıza minnətdaram, amma aqibətindən xəbərim yoxdur"

İbrahim Əlizadə: "İranda rəqs etmək qadağan deyil, lakin qapalı yerlərdə və qadınlar arasında rəqs etməyə icazə var"
Sputnik

Kəmalə Əliyeva, Sputnik Azərbaycan

BAKI, 17 oktyabr — Sputnik. Cənubi Azərbaycandan olan və "Səni deyirlər" mahnısı ilə şöhrət qazanan müğənni İbrahim Əlizadə Bakıya gəlib. Onun Bakıya gəlişində məqsəd "The First" beynəlxalq mükafatının təqdimetmə mərasimində iştirak etməkdir. Ölkəmizdə olan müğənni Sputnik Azərbaycan-a özəl müsahibə verməyə məmnuniyyətlə razı olub.

- İbrahim, "Səni deyirlər" mahnısı bir neçə il əvvəl yazılıb, bəs niyə, məhz indi bu qədər populyarlaşıb?

— Düzünü desəm, bu, mənim özümə də maraqlıdır. Heç vaxt düşünməzdim ki, o qədər vaxt keçəndən sonra bu mahnı nəinki İranda, hətta onun sərhədlərindən kənarda belə, populyar olacaq. Heç belə bir arzum da olmayıb. Bu kompozisiya başqa sözlərlə 30-40 ildir ifa edilir. Onun əsas ifaçıları Məhəmmədəli Məhbubi, Sulduz Qarapapaq və başqaları olub. Onların hər biri həm müğənni, həm də şair olublar. Ona görə də, hərəsi bu kompozisiyanı öz sözləri ilə oxuyublar. Məhz "Səni deyirlər"in sözlərinin müəllifi mən özüməm. Artıq dörd ildir ki, bu mahnını İran toylarında oxuyuram.

İbrahim Əlizadə

- Bəs siz, ümumiyyətlə, neçə ildir mahnı oxuyursunuz?

— Haradasa, 12 ildir. Lakin bu mahnıya qədər İrandan kənarda məni heç kəs tanımayıb. Mən, əsasən İran toylarında çıxış etmişəm və indi də edirəm.

- Artıq sirr deyil ki, sizin bu mahnınız, iranlı gənc qız onun sədaları altında küçədə rəqs edəndən sonra populyarlaşıb. Heç maraqlanmısınızmı ki, bu çarxdan sonra o qızın taleyi necə olub?

— Mən o qıza minnətdaram ki, o, mənim mahnımın sədaları altında rəqs edib və bu kompozisiyanın məşhurlaşmasına köməklik göstərib. Mənim vətənimdə — İranda rəqs etmək qadağan deyil. Lakin qapalı yerlərdə və qadınlar arasında rəqs etməyə icazə var. Bizdə rəqs etmək küçədə, bazarda və digər ictimai yerlərdə qadağandır. Düzünü desəm, mən heç maraqlanmamışam ki, bu qızın axırı necə olub.

İbrahim Əlizadə

- "Səni deyirlər" mahnısını hazırlayanda sizin hansısa başqa məqsədiniz olub, yoxsa sadəcə bununla insanları əyləndirmək istəmisiniz?

— Mən bu mahnı ilə İranın gözəl şəhərlərindən biri olan Urmiyanı tərənnüm eləmişəm. Bu şəhər Urmiya gölünün Qərb sahilində yerləşir. O, öz təbiəti, gözəlliyi, gözəl qızları və bazarları ilə məşhurdur. Mənim məqsədim toylarda insanları əyləndirmək olub.

- İranda bu mahnı ilə bağlı hansısa təqyiqlərə məruz qalmısınız?

— Yox. Əksinə, bizdə müğənnilərə hər cür şərait yaradılır. Şadam ki, istər "Səni deyirlər"i, istərsə də digər mahnılarımı maneəsiz olaraq oxuya bilirəm.

- Biznes nöqteyi-nəzərindən İranda Azərbaycan dilində olan mahnı gəlir gətirirmi?

— Cənubi Azərbaycanda Azərbaycan dilində oxuyan çoxsaylı müğənnilər var. Orada bizi hər kəs dəstəkləyir və bizə toylarda oxumağa şərait yaradırlar. Bizdə Azərbaycan mahnılarını çox sevirlər. Mən təkcə Azərbaycanın xalq mahnılarını deyil, eləcə də sizin müğənnilərin çoxunun repertuarından olan mahnıları da oxuyuram. Toylardan gələn gəlirlərimdən razıyam. Ən əsası odur ki, o pulları halal zəhmətlə qazanıram.

İbrahim Əlizadə

- Azərbaycan dilində mahnı oxuyan müğənnilər İranda konsert verən zaman hansısa problemlərlə qarşılaşırlarmı? Onlar konsertlərində zalı doldura bilirlərmi?

— Düzünü deyim ki, mən heç vaxt konsertdə çıxış etməmişəm. Hələ ilk addımlarımı atıram, ona görə də mənə bu barədə düşünmək tezdir. Ola bilsin, gələcəkdə arzularımı reallaşdıra biləcəyəm və öz tamaşaçılarımı toplayacağam. Lakin mənim həmkarlarım tez-tez konsertlər verirlər. Bizdə müğənnilərə qarşı heç bir təzyiq yoxdur, əksinə, onlar üçün hər cür şərait yaradılır. Konsertlərin təşkilatçıları istəyirlər ki, bizim xalq şənlənsin, əylənsin. Çox ümid edirəm ki, böyük həmkarlarım öz tamaşaçılarımı bir yerə toplamaq istədiyimdə mənə dəstək verəcəklər.

- Azərbaycanda konsert verməyi planlaşdırırsınız?

— Planlar var. Mən Azərbaycanda konsert verməyi çox istərdim. Hələ ki, bu barədə yalnız düşünürəm. Mənim əsas məqsədim öz vətənimdə, xüsusilə də Təbriz, Ərdəbil, Urmiya və digər şəhərlərdə konsertlər verməkdir. Yalnız bundan sonra ümid edirəm ki, Azərbaycana gəlib çıxacağam.

- Bu mahnı məşhurlaşandan sonra sizi başqa ölkələrə dəvət edən olub?

— Əlbəttə, dəvətlər çoxdur. Amma bunu mən özüm təkbaşına həll etmirəm. Bu, təkcə məndən asılı deyil.

İbrahim Əlizadə

- Azərbaycanda xeyli müğənni sizin bu məşhur mahnınızı oxumağa başlayıb. Buna münasibətiniz necədir?

— Bu mahnını uzun illər əvvəl çox sayda iranlı müğənni oxuyub və ona görə də, deyə bilmərəm ki, bu, mənim şəxsi mülkiyyətimdir. Əksinə, çox sevinirəm ki, azərbaycanlılar və digər xarici ölkələrin müğənniləri mənim kompozisiyamı bəyənib oxuyurlar. İstəyirəm ki, xalqımız həmişə sevinsin.

- Sizi Azərbaycanda toylara dəvət edənlər olub?

— Təkliflər, dəvətlər çoxdur, amma mənim sadəcə vaxtım yoxdur. İranda bizim çoxlu toylarımız var. Ona görə də, bura gəlmək üçün gərək mən o toylardan imtina edəm. Mənsə belə etmək istəmirəm. Ayın 30 gününü məclislərdə oxuyuram. Vətənimdə çıxış etmək mənim üçün pul qazanmaqdan daha önəmlidir. Gələcəkdə tez-tez Azərbaycan toylarında da çıxış etmək niyyətim var.

- Hazırda nə üzərində işləyirsiz?

— Layihələrim çoxdur. Mənim çox sayda öz mahnılarım var. Onları yazdırmaq istəyirəm. Düşünürəm ki, əgər yazdırsam, onlar da "Səni deyirlər" qədər populyar olacaq.