BAKI, 17 oktyabr — Sputnik. Paytaxtın Səməd Vurğun küçəsində yolun səki hissəsi çöküb. Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib. O, bildirib ki, ərazidə yeni tikili inşa olunan zaman yolun dayanıqlılığı təmin edilməyib.
Nəcəfli qeyd edib ki, küçədə eni 3, uzunluğu 60 metr olan sürüşmə qeydə alınıb. Hazırda əraziyə dəymiş zərərin məbləği hesablanır: "Ərazi Təzə bazarın yaxınlığındadır. Həmin ərazidə köhnə bina sökülüb, yerində yeni bina inşa edilir. Yolun dayanıqlığı və geoloji işlər aparılmadan tikinti işlərinə başlanılıb. Yolun sürüşməməsi üçün divar qurulmayıb. Yağış yağdıqda isə sürüşmə qeydə alınıb".