TƏHLİL

Ekoloq: “Badamdardakı sürüşmənin qarşısını almaq olar”

Azərbaycan Ekoloji Proqnozlar Mərkəzinin prezidenti, ekoloq Telman Zeynalov deyir ki, Badamdardakı sürüşmənin bir neçə səbəbi ola bilər
Sputnik

Telman Zeynalov: “Dənizdə baş verən zəlzələlər də sürüşmənin səbəbi ola bilər”
“Sürüşmələr əsasən nəmişlikdən yarandığı üçün yaşıllıq salmaqla qarşısını almaq olar”. Sputnik Azərbaycan xəbər verir ki, bu Azərbaycan Ekoloji Proqnozlar Mərkəzinin prezidenti, ekoloq Telman Zeynalov deyib.

Ekoloq bildirib ki, hazırda baş verən sürüşmənin bir neçə səbəbi ola bilər: “O ərazidə yeraltı ilə gedən kommuniyasiya xətlərini yoxlamaq lazımdır. Ola bilsin ki, hansısa qəza nəticəsində axan sular ağ gilə gedib çataraq süxurları ağırlaşdırır və onlar da sürüşərək aşağı hərəkət edirlər. Həmçinin dənizin dərinliyində baş verən zəlzələlər də səbəb kimi göstərilə bilər. Həmin zəlzələnin bir hissəsi quruda keçibsə bunu da səbəb kimi götürmək olar. Ümumilikdə isə Badamdardakı sürüşmənin qarşısını almaq olar”.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan qərargahdan verilən məlumata görə, Badamdar sürüşmə zonasında aktivlik dinamikası dayanmayıb. 

Telman Zeynalovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz