Dövlət Təhlükəsizliyi Xidmətindən maraqlı yenilik

Qurumun adından və loqotipindən istifadə etməklə sosial şəbəkələrdə icazəsiz və saxta səhifə, kanal, profillərin yaradılması, işlədilməsi yolverilməzdir
Sputnik

BAKI, 17 oktyabr — Sputnik. Dövlət Təhlükəsizliyi Xidməti (DTX) haqqında məlumatların və digər faydalı informasiyaların ilkin mənbədən əldə edilməsi imkanlarının genişləndirilməsi, həmçinin ictimai əlaqələrin qurulması işinin müasir dövrün tələblərinə uyğun daha təkmil səviyyədə təşkil olunması məqsədilə DTX-nin rəsmi "Facebook" səhifəsi, "Twitter" və "Youtube" kanalları fəaliyyətə başlayıb.

DİN və DTX birgə əməliyyat keçirib, silah-sursat aşkarlanıb

Bu barədə Sputnik Azərbaycan-a DTX-nın Mətbuat və informasiya şöbəsindən məlumat verilib. Bildirilib ki, yeni yaradılmış səhifə və kanallar vasitəsilə DTX-nın tarixinə, əməliyyat-xidməti fəaliyyətinə, beynəlxalq əməkdaşlıq əlaqələrinə, eləcə də ictimaiyyətlə görüşlər üzrə keçirilən tədbirlərinə dair və sair mövzularda müxtəlif səpkili maraq doğuran məlumatlar və foto-video materiallarla tanış olmaq mümkündür.

Eyni zamanda, diqqətə çatdırılır ki, Dövlət Təhlükəsizliyi Xidmətinin adından və loqotipindən istifadə etməklə sosial şəbəkələrdə icazəsiz və saxta səhifə, kanal, profillərin yaradılması, işlədilməsi yolverilməzdir və qanunla müəyyən edilmiş qaydada məsuliyyət yaradır.

Dövlət Təhlükəsizliyi Xidmətinin rəsmi www.dtx.gov.az səhifəsindəki DTX-nın rəsmi "Facebook", "Twitter" və "Youtube" hesablarına keçid işarə düymələrindən istifadə ilə, yaxud həmin rəsmi səhifə və kanallara abunə yazılmaqla məlumatları əldə etmək olar.

"Hörmətli istifadəçilərə səmərəli informasiya mübadiləsinə görə əvvəlcədən təşəkkürümüzü bildirir və uğurlar arzulayırıq" — deyə məlumatda bildirilir.