CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bütün dinlərin çözməyə çalışdığı sirr Azərbaycanda - Bir "Quran" möcüzəsi

Onun ziyarətinə təkcə müsəlmanlar deyil, digər dinlərin nümayəndələri də gəlirlər
Sputnik

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 17 oktyabr — Sputnik. Naxçıvan müqəddəs ziyarətgahlar, türbələr, məbədlərlə zəngindir. Sanki hər daşı, divarı min bir tarix danışır. Nuh diyarı sayılan Muxtar Respublikanın ən müqəddəs yerlərindən biri də "Əshabi-kəhf" ziyarətgahıdır. Müqəddəs kitabımız olan "Qurani-Kərim"də adı keçən məkana ilk ayaq basdığı anda, sanki başqa bir dünyaya düşür insan.

Azərbaycanda bir "Avatar" möcüzəsi: O, harada bitirsə, oranı məhv edir

"Əshabi-kəhf" dini-mədəni ziyarətgah abidə kompleksinin direktoru Qaraj Qurbanov haqqında danışdığımız ziyarətgah haqqında Sputnik Azərbaycan oxucularına ətraflı məlumat verir: "Qurani-Kərim"də 3 müqəddəs ziyarətgahın adı keçir: Məkkə, Mədinə və "Əshabi-kəhf". Dinindən, irqindən asılı olmayaraq, hər kəs bu 3 ziyarətgahı tanıyır. Ona görə müqəddəs sayırlar ki, ilk dəfə təkallahlıq burada yaranıb. "Əshabi-kəhf" haqqında "Qurani-Kərim"də "Kəhf" surəsi var. "Kəhf" sözü mağara, "Əshabi-kəhf" sözünün mənası isə "mağara sahibləri" deməkdir".

Mağaranın sirri və müqəddəsliyi qaynaqlarda əksini tapmış rəvayətlə bağlıdır. Həmsöhbətimiz həmin rəvayət haqqında danışır: "O dövrdə bütpərəstlik dininin yayıldığı zamanlarda çoxallahlığa inam var idi. Yunus adında bir şah olub. Həmin şah özünü Yaradan, uca Tanrı hesab edib. Çox zülmkar olub, xalqa əzab verib. Ona görə də bir neçə gənc onun zülmündən qaçıb bu mağarada gizlənib, Allaha sığınıb. "Qurani-Kərim"də də buyurulub ki, "öz dinindən qaçan gənclərin harada gizləndiyini Allahdan başqa heç kim bilməz". Heç kim də bu gənclərin hara qeyb olduğunu bilmir".

Ziyarətgaha aparan yol

"Onların ardından çoban və köpəyi də el arasında "yeddi kimsənə" deyilən mağaraya gəlib gizlənib. Həmin mağarada Allahın yardımı ilə 309 il yatıblar. Onlar 309 illik yuxudan oyananda aclıq baş verib. Gənclərin heç biri neçə gün yatdığını bilməyib. Birini çörək almaq üçün şəhərə göndəriblər. Çörəyi aldıqda satıcı görüb ki, qədim puldur. Oğlanlar uzun illər yatdıqlarını anlayanda Allaha dua ediblər, "biz ki, bu qədər vaxt yatmışıq, bizi qeyb et" deyiblər. Mağaranın yuxarı hissəsindəki qaya aralanıb və onlar qeyb olublar" — deyir Qurbanov.

"Əshabi-Kəhf"i ziyarətə gələnlər bu qayanın yanında niyyət tutur, onun içərisindəki dar cığırdan keçməyə çalışırlar. Deyilənə görə, həmin dar cığırı keçə bilsələr, niyyətləri baş tutacaq. Kimin niyyəti safdırsa, bu cığırdan keçəcək. Əks halda, nə etsə belə, bu dar cığır onun üçün keçilməz olacaq.

Qaraj müəllim bildirir ki, ziyarətgahda qara daş, yəni meteorit də var. Bu daşın göydən nə zaman və necə düşməsi haqda isə məlumat yoxdur: "Ziyarətgahda olan məsciddə iki yazılı daş var. Onlardan birinin tarixi bəlli olmasa da, digəri 1109-cu ilə aiddir. "Qurani-Kərim"in "Kəhf" surəsinin ayələri yazılan bu daşlar Naxçıvan xanlığı tərəfindən qoyulub".

"Əshabi-Kəhf" ziyarətgahının daha bir maraqlı və möcüzəvi yeri damcıxanadır. Belə ki, ziyarətə gələnlər ürəklərində niyyət tutub burada otururlar. Əgər niyyətləri həyata keçəcəksə, yuxarıdan həmin adamın başına su damcısı düşəcək.

Şəfa tapmaq ümidi ilə bura üz tutan insanların ardı-arası kəsilmir

Sirr və möcüzə dolu bu məkandan dünyanın 4 ölkəsində var: Hindistan, İordaniya, Türkiyə və Azərbaycanda — Naxçıvanda. Müsahibimiz bildirir ki, əsl "Əshabi-kəhf" Naxçıvandadır. Onun sözlərinə görə, "Quran"da yazılan bütün əlamətlər Naxçıvandakı "Əshabi-kəhf"ə uyğun gəlir.

""Quran"da yazılan ayəyə görə, həmin gənclərin yatdığı mağaranın Günəş çıxanda sağ tərəfinə, batanda sol tərəfinə düşür. Qeyb olduqları yerin girişi, qayanın yarılma istiqaməti üzü qibləyədir. Müqəddəs kitabda haqqında danışılan yer dəniz səviyyəsindən 1680 metr hündürlükdə yerləşən Naxçıvandakı bu möcüzəli yerdir. Bunu alimlər də, illərdir buranı ziyarət edən əcnəbilər də təsdiqləyir" — Q.Qurbanov bildirir.

Milyonlarla müsəlman Məkkədə: Hər müsəlmanın borcu olan Həcc ziyarəti

"Bura Pakistandan gələn ziyarətçilər deyirdilər ki, İordaniyadakı mağaranı görüblər, ordakı adi mağaradır. Əllə düzəldilib, girəndə üç qəbir sağ tərəfdə, üç qəbir sol tərəfdə, bir qəbir də baş tərəfdədir. O mağarada qəbir ola bilməzdi. Çünki, gənclər mağaradan qeyb olublar. Həm də onların sayı "Qurani-Kərim"də dəqiq deyilməyib. Yuxarıda tikili qalıqlar var idi. Müqəddəs kitabda da yazılıb ki, onlar yatdığı marağanın üstündə tikili var. Həmin tikilinin 2500 ilə yaxın tarixi var" — abidə kompleksinin direktoru vurğulayır.

Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin (NMR DQİDA) direktoru Vüqar Babayev də bu müqəddəs məkanda şahidi olduğu bir hadisəni Sputnik Azərbaycan əməkdaşı ilə bölüşür: "Naxçıvan Universitetində ingilis dili müəllimi var idi. Amerikalı idi. Deyirdi ki, "mən heç vaxt kilsəyə getmərəm, Tanrıya inanmıram". Ailəli idi, amma uzun müddət uşağı olmurdu. Belə bir yer olduğunu eşitmişdi".

"Bir gün dedi ki, "mən ora də getmək istəyirəm". Şübhə içində bura gəldi. Dedi ki, "siz də niyyət edirsiz, mən də niyyət edib bura gəlsəm, ana ola bilərəmmi?". Yanındakı iş yoldaşları da bu qadına niyyət edib, bura gəlməyi təklif ediblər. Üstündən bir il keçdi, qadın qucağında uşağı ilə şəklini Naxçıvan Universitetinə göndərdi. Bundan sonra hər il bu məkanı ziyarət edəcəyini yazmışdı" – V.Babayev qeyd edir.

"Əshabi-kəhf" ziyarətgahı

Direktorun sözlərinə görə, sözügedən məkana digər dinlərin nümayəndələri də gəlirlər: "Bura digər dinlərin təmsilçiləri — buddistlər, krişnalar və s. gəlirlər. Onların ibadət etdiklərinin şahidi oluruq. Sinqapurdan bütpərəstlər gəlmişdilər. Onların özlərinin dini ritualları var. Buranı müqəddəs yer hesab edib, özlərinə xas olan dini ayinləri yerinə yetirirdilər".

Əslində, inancsız insan yoxdur. Hər kəsin ürəyində bir inanc var. Çünki yaradılışın qayəsi budur. İnsanoğlu elə bir varlıqdır ki, istər-istəməz nəyəsə inanacaq. V.Babayev də qeyd edir ki, insan çətin anlarında mütləq fövqəladə bir gücün olduğuna inanır: "Elə insan olur ki, Allaha inanmaq üçün möcüzə istəyir. Amma çətinə düşəndə içində bir qorxu, inam yaranır".

"Bir insanı tək tərk edilmiş bir meşəyə atsaq, o, Günəşə, Aya, dağa, daşa sitayiş edəcək. Yəni insan cəmiyyətdən kənarda olsa belə, yenə də nəyəsə sitayiş edir. Tarixin bütün dövrlərində din olub. Adəm peyğəmbərin dövründən bu yana insan dinlə iki hissədə yaşayır, iki hissədən ibarətdir: bir ruh, bir də bədən. Bədənin ehtiyacı ayrıdır, ruhun ehtiyacı ayrı. Çoxallahlılıq olanda belə, yenə də Allaha inam olub" – həmsöhbətimiz bildirir.

Qeyd edək ki, çoxəsrlik tarixi keçmişimizin və dini-mənəvi dəyərlərimizin ifadəsinə çevrilən "Əshabi-Kəhf"də ilk dəfə 1998-ci ildə ümummilli lider Heydər Əliyevin tapşırığı ilə bərpa işləri aparılıb. 2006-cı ildə isə burada geniş yenidənqurma, bərpa və abadlıq işləri görülüb. Bu il də abidədə kompleks təmir-bərpa işləri aparılıb, su təminatı və işıqlandırma sistemləri yenidən qurulub, zəvvarlar üçün hərtərəfli şərait yaradılıb.