CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakının təhlükə yaşanan bölgəsindəki evlərlə bağlı rəsmi açıqlama: Özləri günahkardır

BŞİH: Yamacdakı tikililərin sahibləri və bu tikililəri rəsmiləşdirən şəxslər mövcud landşafı nəzərə almalı idilər
Sputnik

BAKI, 16 oktyabr — Sputnik. "Bakı Şəhər İcra Hakimiyyətində aldığımiz məlumata görə Badamdar qəsəbəsi, Badamdar şossesindəki kəskin dağ yamacında baş vermiş sürüşmə zonasinda yerləşən mövcud tikililər əsas etibarı ilə keçən əsrin 90-cı illərində tikilmiş fərdi yaşayış evləridir". 

Bu barədə Sputnik Azərbaycan-a Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, tikildikdən sonra həmin tikililər vətəndaşlar tərəfindən rəsmiləşdirilib: "Yamacdakı tikililərin sahibləri və bu tikililəri rəsmiləşdirən şəxslər mövcud landşafı nəzərə almalı idilər. Bu da onların üzərindən məsuliyyəti kənarlaşdırmır".

BŞİH diqqətə çatdırıb ki, Badamdar sürüşmə zonasinda əksəriyyətində yaşayış olmayan 11 fərdi yaşayış evi var: "Burada yaşayan sakinlər köçürülüb və ərazidəki 2 obyektin fəaliyyəti dayandırılıb".

Qeyd edək ki, Badamdar 20 —ci sahə yolunun sağ kənarında sürüşmə ərazisində gərginlik oktyabrın 1-də müşahidə edilib. Oktyabrın 12-də səhər saatlarında isə sürüşmə baş verib. Hazırda torpaq sürüşməsi davam edir. Rəsmilər prosesin qayalığa çatacağından ehtiyat edirlər.

Rəsmən həyəcan təbili çalındı: Bakıda yer yerindən oynaya bilər

Sürüşmə zonasında bu gün saat 09-00-a olan monitorinqlərin nəticəsinə əsasən, ərazidə aktivlik gecə boyu davam edib. Bu barədə Sputnik Azərbaycan-a Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən yaradılan qərargahdan məlumat verilib.

Bildirilib ki, dünən dağılan hasarın qalan hissəsi gecə saatlarında uçub. İçəridəki tikilinin alt süxurlarında boşalmalar qeydə alınıb. Hasar ətrafı ərazilərdə sürüşmənin miqyası genişlənməkdədir.

Xatırladaq ki, Badamdar qəsəbəsi, 20-ci sahə avtomobil yolunun sağ kənarındakı sürüşmə zonasında gərginlik oktyabrın 1-dən müşahidə edilir. Ayın 12-də səhər saatlarında isə sürüşmə qeydə alınıb. Sürüşmə baş verən təhlükəli ərazidə 11 fərdi ev və 3 obyekt var.