CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Dövlət qurumları öz işlərini görmür, insanları Milli Məclisə göndərirlər"

Fazil Mustafa: "Problemi həll etmək üçün dövlət səviyyəsində qrup yaradılmalıdır"
Sputnik

BAKI, 16 oktyabr — Sputnik. "Azərbaycan prezidenti İlham Əliyev tərəfindən böyük addım atılaraq şəhid ailələrinə 11 min manat birdəfəlik yardımın verilməsi nəzərdə tutulub. Bu şəhid ailələri tərəfindən yüksək qiymətləndirilir. Lakin elə şəhid ailələri var ki, onları bu hüquqlarından yararlana bilmirlər".

"Haqqı olanlar kənarda qalıb, haqqı olmayanlar başqalarının haqqını mənimsəyiblər"

Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa parlamentin bu gün keçirilən plenar iclasında deyib. O bildirib ki, müharibə aparan dövlətdə şəhid ailələrinin hüquqları, haqları qorunmalıdır.

"Bəzi şəhid ailələri "Azərsığorta"ya müraciət edir. Lakin onlara deyirlər ki, "siz vaxtilə 50 min manat aldığnıza görə, bu pulu ala bilməzsiniz". Vətəndaşlar həmin pulu almadıqlarını söyləsələr də, vətəndaşın üzərinə bunu sübut etmək kimi öhdəlik qoyulur. Belə çıxır ki, onlar almadıqlarını sübut etməlidirlər" — F.Mustafa bildirib.

Onun sözlərinə görə, bu gün şəhid ailələrinin bu hüququ əlindən alınmamalıdır: "Dövlət qurumları öz fəaliyyətlərini düzgün həll etmir, insanları Milli Məclisə göndərirlər. Burada söhbət 2 min vətəndaşdan gedir. Bəzi vətəndaşlar öz hüquqlarını bilmirlər. Lakin bu məsələyə ciddi yanaşmalıyıq. 5 ildən bir arxiv yoxa çıxır və ya yandırılır. Bu sənədlər elektronlaşmalıdır ki, onlar itməsin".

Deputat söyləyib ki, vaxtilə Daxili İşlər Nazirliyi (DİN) sistemində xidmət göstərib, şəhid olan şəxslərin ailələrinin ölkə başçısının sərəncamı ilə ayrılan yardımdan istifadə etmək hüquqlarının olmadığı deyilir: "Vaxtilə DİN-də çalışıb, şəhid olanlara bütün güzəştlərdən istifadə etmək hüququ verilib. Lakin onlara deyilir ki, "sən gərək polis deyil, hərbiçi olmalıydın ki bu güzəştdən istifadə edə biləsən". Bu, düzgün deyil".

"Bu problemi həll etmək üçün dövlət səviyyəsində qrup yaradılmalıdır. Haqlı tələb irəli sürməyənlər də ola bilər. Bunları araşdırmaq lazımdır. Bu ailələrin problemlərin həlli istiqamətində məsələ həll edilməlidir. Hər bir şəhid ailəsi ayrı-ayrılıqda qəbul olunaraq onlara bu yardımın niyə düşmədiyi izah edilməlidir" — millət vəkili vurğulayıb.