BAKI, 16 oktyabr — Sputnik. Ermənistan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün Azərbaycan qarşısında kompromisə getməli olacaq. Sputnik Azərbaycan xəbər verir ki, bunu Birləşmiş Ştatların Ermənistandakı səfiri Riçard Mills "EVN Report"-a müsahibəsində bildirib.
"Mən ilk dəfə bura gələndə ermənilərin böyük əksəriyyətinin danışıqlar prosesinin bir hissəsi kimi işğal olunan ərazilərin qaytarılmasına qəti olaraq qarşı olduğunu görəndə təəccübləndim. Ermənistanda mümkün güzəştlər barədə müzakirələrin aparılmaması məni təəccübləndirir" — deyə amerikalə diplomat bildirib.
O, bəyan edib ki, 2016-ci ilin aprelində Qarabağda vəziyyətin gərginləşməsi "ermənilərin bununla bağlı fikirlərini daha da kəskinləşdirdi": "Lakin reallıq bundan ibarətdir ki, istənilən nizamlanma işğal olunan torpaqların müəyyən hissəsinin geri qaytarılmasını tələb edəcək".