CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Rəsmən həyəcan təbili çalındı: Bakıda yer yerindən oynaya bilər

ETSN: Ən təhlükəli vəziyyət yamacdakı qaya parçalarının ayrılıb qırıldığı vaxt yaranacaq
Sputnik

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 15 oktyabr — Sputnik. Bayıl yamacında yenə sürüşmə müşahidə edilir. Bu dəfə sürüşmə prosesi Badamdar qəsəbəsində, 20-ci sahə avtomobil yolunun sağ kənarında yaşanır. Bu səbəbdən ərazidə olan 11 ev və 3 obyekt təhlükə altındadır.

Sputnik Azərbaycan-ın əməkdaşı ərazidə olub və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralovdan baş vermiş sürüşmə barəsində məlumatlar əldə edib.

Ə.Qaralov bildirib ki, ərazidə gərginlik oktyabrın 1-də müşahidə edilib. Oktyabrın 12-də isə sözügedən sürüşmə sahəsində yenidən aktivləşmə qeydə alınıb və istinad divarının 1,0-1,3 metr aşağıya doğru hərəkət etdiyi məlum olub.

“Həmin vaxt qurum müvafiq orqanlara xəbərdarlıq etdik. Bilirdik ki, ərazidə gərginlik var. Və bu haqda Nazirlər Kabinetinə və müəyyən qurumlara məlumat verildi. Ərazi nəzarətə götürüldü. Oktyabrın 12-də biz müəyyənləşdirdik ki, nə qədər obyekt və yaşayış evinə zərər dəyə bilər. Biz həmin məlumatları Nazirlər Kabinetinə təqdim etdik. Həmin təhlükəli ərazidə 11 fərdi ev, çayxana və restoran var" – ETSN rəsmisi qeyd edib.

Qaralovun sözlərinə görə, sürüşmə sahəsindəki gərginlik nəzərə alınaraq Ekologiya və təbii sərvətlər nazirinin müavini Novruz Quliyevin rəhbərliyi altında qərargah yaradılıb: “Ayın 12-si səhər 7:56-da sürüşmə başlayıb. Burada 3 müşahidə quyusu vardı, ərazi qamışlıq idi. Əvvəlcə qamışlıq örtüldü. Daha sonra yerin altı fəvvarə kimi sürüşməyə başladı. İndi də bütün gün ərzində uçub tökülür. İstinad divarları sıradan çıxıb. Əvvəlcə qırılıb asılmış torpaq kütləsi, sonra istinad divarı, sonda isə evlər sürüşüb aşağı gələcək”.

ETSN rəsmisi sürüşmənin səbəbinə də aydınlıq gətirdi: “Sürüşməyə əsas səbəb Badamdar dairəsində yerləşən minlərlə evdə kanalizasiya sisteminin olmamasıdır. Sular birbaşa “sambo”  deyilən quyulara axıdılır. Suvarma, kanalizasiya suları, məişət suları yamaca yığılır".

1 / 6
Bayıl yamacı
2 / 6
Bayılda torpaq sürüşməsi
3 / 6
Bayılda torpaq sürüşməsi
4 / 6
Bayılda torpaq sürüşməsi
5 / 6
Bayılda torpaq sürüşməsi
6 / 6
Bayılda torpaq sürüşməsi

"Yamac isə mailidir. Torpaq qatı da olduqca tez doya bilən narın qumlu-gilli süxurlardır. Torpaq doyur, müvazinət qüvvəsini itirərək yamac boyu hərəkət edir. Qırılma dairəsi 10 metrdən yüksəkdir. Həyətlərin hasarlarında çatlar müşahidə edilir. Biz orada mayaklar qoymuşuq" — deyə Qaralov vurğulayıb.

Onun sözlərinə görə, ən təhlükəli vəziyyət yamacdakı qaya parçalarının ayrılıb qırıldığı vaxt yaranacaq: "Həmin qaya parçaları aşağı düşərsə, aşağıdakı ərazilərə zərər dəyəcək".

Qeyd edək ki, sürüşmə müşahidə edilən bütün ərazilərə mayaklar qoyulub. Hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan qərargah ərazidə müşahidələr aparır.

Xatırladaq ki, 20-ci sahə avtomobil yolunun sağ kənarında ərazidə gərginlik və sürüşmə 15 günə yaxındır ki, davam edir. Hələ fevral ayında bir neçə günlük yağışlardan sonra Badamdardakı 20-ci sahə avtomobil yolunun sağ hissəsində, yoldan, təxminən, 70-80 metr məsafədə yamacda aşınma baş vermişdi.

May ayında isə Buxta küçəsindəki evlərdən, təxminən, 200 metr qərbdə — Badamdar istiqamətində müəyyən ekzogen proseslər müşahidə edilirdi. Və ərazidə olan 22 ailə (55 nəfər) köçürülmüşdü.