HADİSƏ

Abutalıbov: “Hamısı söküləcək, heç kimə güzəşt olunmayacaq”

Söküntü işləri indi aparıla bilməz, çünki hazırda əraziyə hər hansı müdaxilə yolverilməzdir
Sputnik

BAKI, 15 oktyabr — Sputnik. “Bakının Badamdar qəsəbəsi, 20-ci sahə avtomobil yolunun sağ kənarındakı sürüşmə zonasındakı yaşayış evləri söküləcək. Bu, vacibdir. Evlər sökülməli, ağırlıq oradan götürülməlidir ki, gərginlik müəyyən qədər azalsın”.

Sputnik Azərbaycan “Report”a istinadla xəbər verir ki, bunu Baş nazirin müavini Hacıbala Abutalıbov deyib.

Badamdar yamacı: Sürüşən 300 metr ərazidə 11 ev var

H.Abutalıbov qeyd edib ki, söküntü işləri indi aparıla bilməz, çünki hazırda əraziyə hər hansı müdaxilə yolverilməzdir.

Baş nazirin müavini bildirib ki, sürüşmə ərazisində araşdırılma aparılmalıdır, öyrənilməlidir, sonra nəticəyə gəlmək olar: “Qərara gəlinib ki, ərazidəki quyuların suyu analiz edilsin. Analizlərin nəticəsi oktyabrın 16-da bizə təqdim ediləcək. Bu, bizə kömək olacaq”.

H.Abutalıbov modern.az-a açıqlamasında isə qeyd edib ki, hazırda ərazidə yaponiyalı mütəxəssislər çalışır: "Mən özüm də ərazidəyəm. Yapon mütəxəssisləri müayinələr aparır. Monitorinqin nəticələrindən asılı olaraq, müvafiq tədbirlər görüləcək. Rəy verilsə ki, burada yaşayış mümkün deyil, o zaman evlər söküləcək. Onsuz da hamısı qanunsuz olaraq tikilib”.

Baş nazirin müavininə ötən gün "O evlərin heç birində yaşayış olmamalıdır, ərazidəki torpaq sahələri qanunsuz olaraq satılıb” fikirlərinin ictimaiyyətdə geniş müzakirəyə səbəb olduğunu və ərazilərin məhz onun Bakının meri olduğu dövrdə satıldığını xatırlatdıqda belə deyib: "Bütün tikililər yoxlanılacaq. Qanunsuz olan nə varsa aşkara çıxarılacaq və müvafiq tədbirlər görüləcək. Heç kimə güzəşt olunmayacaq”.

Qeyd edək ki, 2018-ci il oktyabr ayının 12-də gecə saatlarında Bakı şəhəri Səbail rayonu ərazisində — Badamdar şossesində (Badamdarla 20-ci sahəni birləşdirən yol) torpaq qatı asfaltın üstünə qədər gəlib. Sürüşən torpaq qatının eni 250, uzunluğu 200, hündürlüyü isə 15 metrdən artıqdır.

Hadisə nəticəsində həmin yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılıb və yamacda yerləşən 8 fərdi yaşayış evinin (villa) sahiblərinə evləri müvəqqəti boşaltmaq tapşırılıb. Hazırda həmin villalar gözətçilər tərəfindən qorunur.