CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Badamdarda sürüşmə anı çəkildi - VİDEO

Sürüşmə ərazisi aidiyyəti qurumların nümayəndələri tərəfindən nəzarətdədir və insanların həyatı üçün təhlükə yoxdur
Sputnik

BAKI, 13 oktyabr — Sputnik. Bakıda sürüşmə zonasında hadisənin baş vermə anı lentə alınıb.

Sputnik Azərbaycan Real TV-yə istinadən xəbər verir ki, görüntülər bu gün səhər saatlarında qeydə alınıb. Sürüşmə böyük bir ərazini əhatə edir və hazırda aktivdir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının mütəxəssisləri növbətçilik rejimində Badamdar — 20-ci sahə avtomobil yolunun sağ kənarındakı sürüşmə sahəsində müşahidələri davam etdirirlər.

Nazirliyin Mətbuat xidmətindən bildirilib ki, ən son məlumata görə, sürüşmənin dinamikasında aktivlik davam edir: "Sürüşmə kütləsini saxlamaq üçün 2013-cü ildə inşa edilmiş istinad divarı yamac boyu 4-5 metr aşağıya irəliləyib, həmin istinad divarında hipsometrik olaraq sürüşmə kütləsi hərəkət edərək avtomobil yoluna tökülüb. Proses aktiv fazadadır. Sürüşmə ərazisi aidiyyəti qurumların nümayəndələri tərəfindən nəzarətdədir və insanların həyatı üçün təhlükə yoxdur".