SƏHİYYƏ

Prezident tanınmış jurnalistin sağlıq durumu ilə bağlı göstəriş verdi

MŞ: Səbuhi Məmmədli Azərbaycan dövlətinin humanist yanaşmasına ehtiyac duyur
Sputnik

BAKI, 12 oktyabr — Sputnik. Prezident İlham Əliyev jurnalistin sağlıq durumu ilə bağlı müvafiq göstəriş verib.

Sputnik Azərbaycan-a bu barədə məlumat Mətbuat Şurasından daxil olub.

Məlumatda bildirilir ki, Azərbaycan prezidenti İlham Əliyev jurnalist Səbuhi Məmmədlinin səhhətində yaranmış problemlərin aradan qaldırılmasına kömək göstərilməsinə dair müvafiq göstəriş verib.

Mətbuat Şurasının bununla bağlı dövlət başçısına ünvanladığı məktuba cavab olaraq jurnalistin sağlıq durumunun yaxşılaşması üçün tədbirlərin görüləcəyi bildirilib. 

Jurnalistlər arasında gərgin mübarizə getdi

Şuranın prezident İlham Əliyevə ünvanladığı məktubda ölkəmizdə həyata keçirilən media siyasətinin öz fundamental əsaslarını müxtəlif dövlət sənədlərində tapdığı vurğulanıb.

Bu siyasətin eyni zamanda insanpərvərlik, hümunistlik kimi ali dəyərlərə söykəndiyi diqqətə çatdırılıb. Bildirilib ki, jurnalistlərimiz mövcud məqamı xüsusi vurğulayır, nəcib əməl və təşəbbüsləri misilsiz örnək nümunəsi olaraq təqdim edirlər.

"Ölkəmizin nüfuzlu kütləvi informasiya vasitələrində reportyor kimi çalışmış istedadlı jurnalist Səbuhi Məmmədli də Sizin şəxsinizdə Azərbaycan dövlətinin humanist yanaşmasına ehtiyac duyur. O, kəskin şəkərli diabetdən, qara ciyər və ürək çatışmazlığından əziyyət çəkir. Hazırda səhhəti ağırlaşmış jurnalistin həyatı təhlükədədir.

Buna görə də ölkənin media ictimaiyyəti adından Sizə üz tutur, ona müvafiq kömək göstərilməsini xahiş edirik. Əminik ki, həssas münasibətiniz, şəxsi diqqətiniz sayəsində Səbuhi Məmmədlinin sağlığına qovuşması ilə bağlı zəruri tədbirlər həyata keçiriləcəkdir" — deyə Mətbuat Şurasının müraciətində bildirilib.