Multikultural Azərbaycan - Danılması mümkün olmayan həqiqət

Separatçılıqla etnik mədəniyyəti inkişaf etdirmək arasındakı "nazik qırmızı xətt" nədən ibarətdir?
Sputnik

İki il əvvəl mədəniyyət nazirliyindən bir tanışıma multikulturalizmlə bağlı tədbir hazırlamaq tapşırılmışdı. Kütləvi tədbirlər rejissorluğu üzrə ixtisaslaşmış, uzun illər müxtəlif mədəniyyət ocaqlarında çalışmış bu tanışımın tədbirlə bağlı nəzərdə tutduğu proqrama baxanda sual etdim ki, "mutlikulturalizmin nə olduğunu bilirsən?". "Vallah, dəqiq bilmirəm, əsas odur ki, tədbirdə vətən mövzulu mahnılar və şeirlər verək" dedi. Tədbirin ssenarisi də Məmməd Arazın "Azərbaycan, mayası nur, qayəsi nur ki…" şeiri ilə başlayırdı.

Bizə tez-tez multikultural dövlətdə yaşadığımızı deyirlər. Tamamilə doğrudur. Bizimlə bağlı bizə deyilən bəlkə də yeganə həqiqət budur. 

Ən ucuz bazar: Gəl, ay müştəri, artistdən qalmadı

Bəs multikulturalizm nədir?

Multikulturalizm – etnik xalqların mədəniyyətinin dövlətin milli mədəniyyətinə inteqrasiyası və assimilyasiyası deməkdir.

Azərbaycanda yaşayan etnik xalqların mədəniyyəti dövlətin milli mədəniyyətinə çoxdan inteqrasiya edib. Buna rəğmən, heç kəs deyə bilməz ki, ölkədə etnik xalqlara qarşı konkret qadağalar, məhdudiyyətlər var. Axı illərdir talış sənət adamları elə talış dilində şeirlər, mahnılar ərsəyə gətirir. Ləzgi, avar, tat mənsubiyyətli sənət adamları də həmçinin. Onlara öz dillərində danışmaq, yazıb-yaratmaqla bağlı heç bir qadağa da qoyulmayıb. 2018-ci ildən etibarən azsaylı xalqların yaşadığı bölgələrdə onların dillərinin tədrisi də həyata keçirilir.

Etnik xalqların mədəniyyətinin qorunması isə zəruridir. Onların özünə məxsus ədəbiyyatları onların öz dilində çap olunmalı və dövlət kitabxanalarında yer almalıdır. Bir müddət əvvələ qədər yalnız həmin xalqların məskunlaşdığı rayonların kitabxanalarında belə kitablara rast gəlmək olardı, amma onları da kitabxanalardan çıxarıblar.

Bu xalqların dilində kütləvi informasiya vasitələri yayımlanmalıdır. Ən azından region televiziyalarında orada yaşayan etnik xalqların dilində verilişlər olmalıdır.

Etnik xalqların mədəniyyətinin qorunması ölkənin ümumi mədəniyyətinə müsbət təsir göstərir. Dili, folkloru zənginləşdirir. Bu xalqların içindən çıxan yaradıcı insanlar həm mənsub olduğu millətin, həm də ümumi ölkə əhalisinin mədəniyyətinə uyğun əsərlər yaradır. Fərqli adət-ənənələri təsvir edən əsərlərin, kökü lap qədimə söykənən tarixi abidələrin dövlət səviyyəsində mühafizə olunması lazımdır. 

Lənətə gəlmiş avropalılar!

Əfsus ki, bu məsələ ilə bağlı Mədəniyyət və Turizm Nazirliyi indiyə qədər heç bir addım atmayıb. Bununla bağlı bədii kitabların nəşri, kütləvi tədbirlərin təşkili, televiziya verilişlərinin hazırlanması, təbliğ-tərənnüm və maarifləndirmə prosesləri və s. kimi işlər görülmür. Hətta, ölkənin müxtəlif tarixi abidələri də sahibkarlar tərəfindən icarəyə götürülüb kafe, restoran kimi işlədilməkdədir.

Digər tərəfdən isə etnik xalqların separatçılıq problemi bu mədəni inkişafın qarşısını almaqdadır. Olduqca qəribədir ki, bir ovucluq coğrafiyası, beş-on sözlük lüğəti olan bütün kiçik millətlərin hərəsi bir tərəfdən baş qaldırıb dövlət qurmaq istəyir. Bu, özlüyündə həm gülünc, həm də çox faciəvi haldır. Dünyanı bu qədər ölkəyə, bu qədər sərhədə bölüb, kiçik-kiçik hakimiyyət taxtları salmaq kimə və nəyə lazımdır? Bu cür sarsaq iddialardan əl çəkib ümumbəşəri elmi-mədəni tərəqqi uğrunda çalışmaq, öz coğrafiyanın, öz dilinin, öz mədəniyyətinin uğurlu tərəfləri ilə bütün insanlara fayda vermək daha doğru addım deyilmi?

Eyni ilə kiçik etnik xalqların mədəniyyətinin dövlətin ümumi mədəniyyətinə inteqrasiyası kimi, bütün dünya xalqlarının mədəniyyəti də ümumbəşəri bir mədəniyyətə inteqrasiya etməlidir. Vahid insan mədəniyyəti formalaşmalı, bütün dünya bu bölgüçülükdən birdəfəlik xilas olmalıdır.