Siyavuş Novruzov: "Azərbaycanı istəməyən qüvvələr aranı qatmağa çalışırlar"

Deputat söyləyib ki, bu gün ermənilərin əli ilə ölkəmizə qarşı müxtəlif addımlar atılır
Sputnik

BAKI, 12 oktyabr-Sputnik. "Ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra bütün qonşularla dağılan münasibətlər yenidən quruldu və bu gün də bu siyasət uğurla, balanslaşdırılmış şəkildə davam etdirilir". Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin bu gün keçirilən plenar iclasında çıxış edərkən deyib.

Azərbaycanı istəməyən qüvvələrin aranı qatmaq istədiyini bildirən deputat söyləyib ki, bu gün ermənilərin əli ilə ölkəmizə qarşı müxtəlif addımlar atılır: "Bu ilin bir neçə ayı ərzində bir neçə xarici, aparıcı, eləcə də qonşu ölkələrin rəhbərləri Azərbaycana səfər edib, biznes forumlar keçirilib, sənədlər imzalanıb. Bura Rusiya, Almaniya, Türkiyə və digərləri daxildir. Biz anti-Aazərbaycan ab-havasının yaradılmasına imkan verməməliyik".

S.Novruzov qeyd edib ki, hazırda həssas dövrdür: "Hesab edirəm ki, burada oturan hər bir şəxs öz dövlətini sevən biridir. Biz öz əməli fəaliyyətimizlə prezidentin apardığı xarici siysətə xələl gətirməməliyik".