RUSİYA

Səfir: Rusiya universitetləri azərbaycanlı tələbələr üçün yeni imkanlar açmağa hazırdır

Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov XII Azərbaycan Beynəlxalq Təhsil Sərgisinin açılışında azərbaycanlı gənclərin Rusiyada təhsil imkanlarına toxunub
Sputnik

BAKI, 11 oktyabr — Sputnik. Rusiya ali məktəblərinin nümayəndələri öz təhsil müəssisələrinə Azərbaycan vətəndaşlarının qəbulunu genişləndirmək üçün imkanlar təqdim etməyə hazırdır.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Rusiyanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Mixail Boçarnikov Bakı Ekspo Mərkəzində XII Azərbaycan Beynəlxalq Təhsil Sərgisinin açılış mərasimində deyib.

O qeyd edib ki, Rusiya ilə Azərbaycan arasındakı ikitərəfli əlaqələrdə təhsilə böyük diqqət ayrılır. Diplomatın sözlərinə görə, bu, humanitar əməkdaşlığın vacib bir hissəsidir.

Mixail Boçarnikov Rusiya və Azərbaycan prezidentlərinin Soçidə baş tutan görüşünə toxunaraq deyib: "Bu il Azərbaycan və Rusiya prezidentləri arasında dörd görüşün keçirilməsi olduqca əhəmiyyətlidir və ölkələr arasındakı əlaqələrdə mehriban mühitin inkişafına böyük təkan verir. Soçidə imzalanmış sənədlər əməkdaşlığımızı daha da genişləndirəcək. Hazırda Azərbaycanda Rusiyanın iki universiteti — M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin və İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin filialları fəaliyyət göstərir. İqtisadiyyat nazirlərimiz arasında imzalanan yol xəritəsində Azərbaycanda Rusiya universitetlərinin yeni filiallarının açılması da öz əksini tapıb. Bunlar Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu, Ali İqtisadiyyat Məktəbi və Rusiya Dövlət Humanitar-İqtisadiyyat Universitetləridir".

"Rusiyanın təqdim etdiyi stenddə ölkənin müxtəlif regionlarının 16 universiteti təmsil olunur. Burada texniki, eləcə də humanitar istiqamətlər olmaqla müxtəlif universitetlər təqdim edilir. Əlbəttə, hər iki istiqamət bərabərdir, lakin mən texniki universitetləri xüsusi qeyd etmək istərdim, çünki onlar iqtisadi əlaqələrin əsasını təşkil edir. Burada olan universitetlərin nümayəndələri azərbaycanlı tələbələrin artıq həmin ali məktəblərdə təhsil aldıqlarını vurğulayıblar. İndiyədək Rusiya universitetlərində 15 minə qədər tələbə təhsil alıb. Bu, həm əyani, həm qiyabi, həm də distant təhsil alanlardır. Rusiyanın ali məktəbləri bundan sonra da öz təhsil müəssisələrinə Azərbaycan vətəndaşlarının qəbulunu genişləndirməyə hazırdır" — deyə səfir əlavə edib.

Onun sözlərinə görə, ötən il azərbaycanlı tələbələr üçün dövlət təqaüdünün kvotası 205 nəfər olub. Rusiyada təhsil alan 15 min tələbə arasında təkcə tələbələr deyil, dövlət kvotası üzrə təhsil almağa gələnlər də var. Bu isə bizim ali məktəblər arasında humanitar əməkdaşlığın inkişafına edilən yatırımdır.

Səfir 2015-ci ildə yaradılmış Azərbaycan-Rusiya Ali Təhsil Müəssisələri Assosiasiyasının fəaliyyətini qeyd edərək, bu qurum çərçivəsində təşkil edilən tədbirləri, Ufada keçirilən sonuncu görüşdə universitetlər arasında əməkdaşlığın müzakirə edildiyini xatırladıb.

O, həmçinin qeyd edib ki, bu sərgidəki stendlərdən biri Rusiya Federasiyası Humanitar Ali Məktəblər Assosiasiyasının imkanlarına həsr olunub. Bu məsələyə kompleks yanaşmadır və tələbələr bu stendlərdən öz seçimlərini edə bilərlər.

Boçarnikov çıxışının sonunda Rusiya ekspozisiyasının açılışında iştirak edən hər kəsə minnətdarlığını bildirib. O, ümid etdiyini bildirib ki, ali təhsil üzrə yüksək səviyyəli mütəxəssislərin və Rusiyada təhsillə maraqlanan gənclərin ziyarət etdiyi bu ekspozisiya populyarlığını qoruyub saxlayacaq.

Daha sonra jurnalistlərin suallarını cavablandıran diplomat Azərbaycan və Rusiya prezidentlərinin görüşlərinə toxunub. Deyib ki, bu görüşlər bütün sahələrdə münasibətlərin inkişafına stimul verir.

"Bizim ölkələrin prezidentləri bir-birilərilə dostluq münasibətləri və sıx təmas qurublar. Və bu, istənilən ölkələr arasında qarşılıqlı əlaqənin böyük nailiyyətidir. Bu bizim münasibətlərin bütün digər təbəqələrinə və formatlarına yayılmaya bilməz. Elə indi də məhz bu proses baş verir" — deyə Boçarnikov əlavə edib.

Diplomat oktyabrın sonlarında Bakıda keçiriləcək 6-cı Beynəlxalq Humanitar Foruma Rusiyanın xüsusi önəm verdiyini deyib və bildirib ki, Rusiya tərəfi orada yaxşı nümayəndə heyəti ilə təmsil olunacaq.

Oktyabrın 14-dək davam edəcək XII Azərbaycan Beynəlxalq Təhsil Sərgisində dünyanın 12 ölkəsindən 90 müxtəlif fakültələri təqdim edən 135 təhsil müəssisəsi iştirak edir. "Xaricdə təhsil" ekspozisiyası çərçivəsində Gürcüstan, Rusiya, Türkiyə, Latviya, Litva və Çexiya kimi ölkələrin nümayəndələri öz universitetlərini, məktəblərini, kolleclərini, təhsil mərkəzləri və kurslarını təqdim edirlər.

Sputnik Azərbaycan XII Azərbaycan Beynəlxalq Təhsil Sərgisinin informasiya tərəfdaşıdır.