Cahangir Hacıyevin həyat yoldaşı barədə yeni ittihamlar: Ya etiraf edəcək, ya da...

O, BMCİ-yə var-dövlətinin qaynağını göstərməsə, qurum onun mülklərini əlindən ala bilmək üçün Ali Məhkəməyə müraciət edəcək
Sputnik

BAKI, 11 oktyabr — Sputnik. Azərbaycan Beynəlxalq Bankının (ABB) sabiq rəhbəri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın başı dərdə girib. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, bu hadisə Böyük Britaniyada korrupsiyaya qarşı mübarizə ilə bağlı yeni qüvvəyə minən qanundan sonra gündəmə gəlib.

Beynəlxalq Bankın sabiq filial direktoru həbs edilib

Belə ki, Z.Hacıyevanın Londonun ən lyüks ticarət mərkəzi olan "Harrods"da son 10 ildə 21 milyon dollar xərclədiyi ortaya çıxıb. Bununla əlaqədar Zamirə Hacıyeva Britaniya Milli Cinayətlər İdarəsinə (BMCİ) hesabat verməli olacaq. 55 yaşlı xanım ya bu qədər pulu haradan əldə etdiyini açıqlayacaq, ya da bütün var-dövlətini riskə atacaq.

Qeyd edək ki, qanun İngiltərə üzərindən "çirkli pulların yuyulmasında" şübhəli hesab edilən və korrupsiya ilə əlaqələndirilən əcnəbilər üçün nəzərdə tutulub. Zamirə Hacıyevanı isə hədəfə gətirən külli miqdarda pul xərcləməklə yanaşı, Londonun ən bahalı məhəllələrindən olan Knightsbricdə 15 milyon dollar dəyərindəki imarətə və Berkşir ərazisindəki qolf mərkəzinə sahib olmasıdır.

Hacıyeva mediada çıxan xəbərlərdən sonra kimliyinin açıqlanmaması üçün başlatdığı məhkəmə mübarizəsini də uduzub. O, BMCİ-yə var-dövlətinin qaynağını göstərməsə, qurum onun mülklərini əlindən ala bilmək üçün Ali Məhkəməyə müraciət edəcək.

Məlumata görə, 2013-cü ildə Zamirə Hacıyeva Berkşirdə 10 milyon dollara lüks bir qolf klubu alıb. Bundan sonra Britaniya Daxili İşlər Nazirliyi ona ölkədəki varlı investorlara istiqamətlənmiş viza çərçivəsində yaşamaq icazəsi verib.

Ancaq sonradan şərti adı "Bəy və xanım A" olaraq bilinən məhkəmə prosesi başlayıb. Nəticədə Zamirə Hacıyevanın küllü miqdarda şəxsi gəlirə sahib olduğu müəyyən edilib.

Məhkəmənin əldə etdiyi məlumata görə, Z.Hacıyeva zinət əşyaları, ətriyyat və saat satılan mağazada 200 min dollar, habelə "Cartier lüks" zinət əşyaları mağazasında 130 min dollardan çox pul xərcləyib. Bununla yanaşı, onun 2400 dollarlıq şərab qəbzləri və digər lüks məhsullara 26 min dollar xərclədiyi meydana çıxıb. Hacıyeva bütün aldıqlarını 35 fərqli kredit kartı ilə həyata keçirib.

Bundan başqa, rəsmi sənədlərlə Hacıyevanın 42 milyon dollar dəyərində "Gulfstream G550" təyyarəsi və "Harrods" avtoparkında iki şəxsi parklama ərazisi aldığı müəyyən edilib.

Bunların ardınca Zamira Hacıyeva məhkəmə qarşısında bildirib ki, böyük bir haqsızlıqla üz-üzə qalıblar: "Həyat yoldaşım qanunlara sadiq adamdır. Ortada böyük bir ədalətsizlik var və biz onun qurbanıyıq. Həyat yoldaşım Azərbaycan Beynəlxalq Bankında işləməmişdən əvvəl də bacarıqlı bir iş adamı olub və özü var-dövlət qazanıb".

Britaniya Milli Cinayətlər İdarəsi isə Cahangir Hacıyevin 1993-2015-ci illərdə bu qədər sərvətə malik kola biləcəyini mümkünsüz hesab edib.

Qeyd edək ki, ABB-nin keçmiş rəhbəri Cahangir Hacıyev on milyonlarla dollar "yeyintisi" ilə əlaqədar 2016-cı ildə 15 il müddətinə azadlıqdan məhrum edilib.