Səudiyyədən Türkiyəyə keçən 15 nəfərlik gizli qrup aşkar edildi

Səudiyyə Ərəbistanından olan 15 nəfərlik gizli kəşfiyyat qrupunun Türkiyəyə girərkən Atatürk Hava Limanındakı görüntüləri əldə edilib
Sputnik

BAKI, 10 oktyabr — Sputnik. Səudiyyəli jurnalist Camal Qaşıqçının itkin düşməsində əli olduqları iddia edilən 15 nəfərlik gizli kəşfiyyat qrupunun adları açıqlanıb.

Sputnik Azərbaycan "Haber7"yə istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanından olan 15 nəfərlik gizli kəşfiyyat qrupunun Türkiyəyə girərkən Atatürk Hava Limanındakı görüntüləri əldə edilib. Onlar iki ayrı özəl təyyarə ilə Ər-Riyaddan Atatürk Hava Limanına eniblər.

Səudiyyə Ərəbistanında qadın fəalın başı kəsiləcək

Məsələ ilə bağlı Türkiyə polisi açıqlama yayıb. Açıqlamada deyilir ki, onların çamadanları "X-RAY" cihazından keçib. Təhlükəsizlik işçisi deyib ki, cəsəd parçaları mütləq şəkildə cihazda görünür və 7 nəfərə aid çamadanlarda hər hansı bir mənfi görüntü olmayıb.

Səudiyyəli jurnalist Camal Qaşıqçı itməzdən 3 gün əvvəl verdiyi müsahibədə deyib ki, Səudiyyə Ərəbistanında hakimiyyəti tənqid edən jurnalistlər həbs olunur.

"Mən sadəcə bir jurnalistəm. "Vaşinqton Post" qəzeti mənə bir yer verdi və mən də orada fikirlərimi sərbəst yazıram. Kaş bu imkan mənə öz ölkəmdə verilsəydi" – deyə səudiyyəli jurnalist müsahibəsində bildirib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğunda "Vaşinqton post" qəzetinin əməkdaşı Camal Qaşıqçının itkin düşməsi ilə bağlı axtarış aparılacaq. Bu barədə Türkiyənin Xarici İşlər Nazirliyindən açıqlama verilib.

BMT-nin İnsan Haqları Ofisinin sözçüsü Ravina Shamdasani səudiyyəli jurnalistin itkin düşməsindən ciddi narahatlıq keçirdiklərini deyib. O, Türkiyə və Səudiyyə Ərəbistanına müraciət edərək iki ölkənin bir an əvvəl istintaq apararaq hadisənin işıqlandırılmasının lazım olduğunu dilə gətirib.

Türkiyə hüquq-mühafizə orqanları tanınmış türk əsilli səudiyyəli jurnalistin Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda öldürüldüyünü güman edirlər.

Səudiyyə hakimiyyətini tənqid edən Qaşıqçı son bir il ərzində öldürülmək qorxusundan Vaşinqtonda yaşayıb. O İstanbuldakı konsulluğa nikah imzalamaq üçün lazım olan sənədləri almağa gəlibmiş. Onun nişanlısı isə Qaşıqçını çöldə gözləyib. Həmin vaxtdan jurnalisti görən olmayıb.

Türkiyə polisi Kaşıkçının konsulluqdan çıxdığını heç kəsin görmədiyini bildirir. Ər-Riyad isə onun həmin gün çıxıb getdiyini deyir.