Paytaxtda avtomobil duracaqları və qarajları ilə bağlı yeni qərar verilib

Baş nazirin qərarına əsasən bundan sonra duracaqlara BNA nəzarət edəcək
Sputnik

BAKI, 10 oktyabr — Sputnik. Baş nazir Novruz Məmmədov "Yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi məsələləri haqqında" Nazirlər Kabinetinin (NK) 1999-cu il 6 aprel tarixli 60 nömrəli qərarında dəyişikliklər edilməsi barədə qərar verib. Sputnik Azərbaycan NK-nın saytına istinadla xəbər verir ki, NK-nın 1999-cu il 6 aprel tarixli 60 nömrəli qərarı ilə təsdiq edilmiş "Nəqliyyat vasitələrinin duracaqları və qarajları haqqında nümunəvi Əsasnamə"də müəyəyn dəyişikliklər edilib.

Azərbaycanda dövlət qurumunun səlahiyyətləri genişləndirildi

Beləki, Bakı şəhərinin inzibati ərazisində İnzibati Xətalar Məcəlləsinin (İXM) 346.1-ci və ya 346.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı və həmin nəqliyyat vasitəsinin yol hərəkəti və piyadaların hərəkətinə maneə yaratdığı hallarda, habelə həmin Məcəllənin 346-1.5-ci maddəsində nəzərdə tutulmuş hallarda nəqliyyat vasitələrinin müvəqqəti olaraq saxlanılması üçün mühafizə olunan duracaqlar Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən təşkil edilir.

Eyni zamanda, Bakı şəhərinin inzibati ərazisində İXM-nin 346.1-ci və ya 346.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı və həmin nəqliyyat vasitəsinin yol hərəkəti və piyadaların hərəkətinə maneə yaratdığı hallarda, habelə həmin Məcəllənin 346-1.5-ci maddəsində nəzərdə tutulmuş hallarda nəqliyyat vasitələri BNA-nın mühafizə olunan duracağına gətirilir.

BNA-nın mühafizə olunan duracaqlarında xidmətə görə ödəniş Prezidentin 2018-ci il 2 aprel tarixli 1902 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Bakı Nəqliyyat Agentliyinin Nizamnaməsi"nin 6.7-ci bəndinə uyğun olaraq müəyyən edilir.

Bakı şəhərinin inzibati ərazisində bu Əsasnamənin 2.4-1-ci bəndinə uyğun olaraq BNA-nin mühafizə olunan duracağında saxlanılmış nəqliyyat vasitəsi İXM-nin 97.2-ci maddəsində nəzərdə tutulmuş hallarda sahibinə qaytarılır.

Bununla yanaşı, qərarda qeyd edilib ki, Məcəllənin 2. 2.5-ci bəndə "DİN-in" sözündən sonra "(bu Əsasnamənin 2.4-1- ci bəndində nəzərdə tutulmuş hallarda isə Bakı Nəqliyyat Agentliyinin)"sözləri əlavə edilsin.