Şimal bölgəsinə gedənlərə xəbərdarlıq edilir

Sürücülərdən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur
Sputnik

BAKI, 9 oktyabr — Sputnik. Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunda təmir işləri aparılır. Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, yolun 12-133 km-də qəzalar nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri, həmçinin yolun 16-30 və 50-65 —ci kilometrlik hissələrində üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq. İşlər axşam saatlarına qədər yekunlaşdırılacaq.

Sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.