BAKI, 9 oktyabr — Sputnik. Suriya müxalifətinin silahlı qüvvələri və hökumət əleyhinə olan digər qüvvələr oktyabrın 8-də ağır silahları İdlib əyalətinin silahsızlaşdırılmış zonasından çıxarıb. Sputnik Azərbaycan bu barədə "Anadolu" agentliyinə istinadən xəbər verir.
Məlumatda qeyd olunur ki, müxalif qüvvələr bu prosesi həyata keçirmək üçün bütün gecəni işləyib. Cəbhə xətti boyunca yaradılacaq təhlükəsizlik zonasında SSRİ istehsalı olan Qrad raketləri, minomyotlar və orta mənzilli raketlər qalmayıb.
Bu arada Türkiyə silahsızlaşdırılmış zonaya zirehli maşınlar göndərib. Bu zirehli maşınlar Rusiya tərəfi ilə birgə regionda patrul xidməti həyata keçirəcək.
Qeyd edək ki, 17 sentyabrda Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin Soçi sazişi imzalayıblar. Bu sazişə əsasən, oktyabrın 15-dən etibarən Suriyanın İdlib bölgəsində silahlı müxalifətlə Bəşər Əsəd qoşunlarının təmas xətti boyunca 15-20 kilometr enliyində təhlükəsizlik zonası yaradılacaq. Bunun üçün oktyabrın 10-dək terrorçular, silahlı müxalifət və hökumət qüvvələri, o cümlədən onlara məxsus ağır hərbi texnika və silahlar həmin zonadan çıxarılmalıdır. İdlibdə yaradılacaq təhlükəsizlik zonasına Türkiyə və Rusiya birgə nəzarət edəcəklər.