HADİSƏ

Zorlanaraq qətlə yetirilən jurnalistin qatili tutulub

Ruse şəhərində 30 yaşlı araşdırmaçı jurnalist Viktoriya Marinovanın meyiti Dunay çayı sahilindəki meşə zolağından tapılıb
Sputnik

BAKI, 9 oktyabr — Sputnik. Bolqarıstan polisi "TVN" teleşirkətinin inzibati işlər üzrə direktoru Viktoriya Marinovanın qətlində şübhəli bilinən şəxsi saxlayıb. Sputnik AzərbaycanRusiya KİV-nə istinadən bildirilir ki, saxlanılan şəxs Rumıniya və Moldova vətəndaşıdır.

Bolqarıstan Daxili İşlər Nazirliyi, hələlik bu məlumatı şərh etmir.

Qeyd edək ki, Bolqarıstanın Ruse şəhərində 30 yaşlı araşdırmaçı jurnalist Viktoriya Marinovanın meyiti Dunay çayı sahilindəki meşə zolağından tapılıb.

Hüquq-mühafizə orqanlarının fərziyyəsinə görə, teleaparıcı başından aldığı zərbə və boğulma nəticəsində dünyasını dəyişib, ölümündən öncə isə cinsi təcavüzə məruz qalıb.

Qadın jurnalistin meyitini yoldan keçən şəxs aşkar edib və dərhal bu barədə polisi məlumatlandırıb. Cəsədindən bir neçə metr aralıda Marinovanın şəxsi əşyaları olub, yaxınlıqda isə avtomobili park edilib. Polis qadının mobil telefonunu və maşının açarlarını tapmayıb.

Marinova Avropa İttifaqı fondlarından pul vəsaitlərinin oğurlanmasının araşdırılması üzərində işləyib.