HADİSƏ

Bakıda bir qrup soyğunçu ələ keçib

Hazırda faktlarla bağlı araşdırmalar aparılır
Sputnik

BAKI, 9 oktyabr — Sputnik. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar. Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Metroda soyğunçuluq edənlər saxlanılıb

Bildirilib ki, Nizami RPİ-nin 25-ci Polis Şöbəsinə sentyabrın 27-də Bakı şəhər sakini V.Abıyevin içərisində noutbuku, mobil telefonu və sənədləri olan çantasının açıq talama yolu ilə alnması, sentyabrın 30-da isə Bakı şəhər sakini Y.Abbasovaya zor tətbiq edilərək içərisində pulu, mobil telefonu və sənədləri olan çantasının alınması barədə müraciətlər daxil olub.

Məlumatlarla əlaqədar təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinə başlanılıb və soyğunçuluğu törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla onun Bakı şəhər sakini Ceyhun Rufullayev olduğu müəyyən edilib.

Oktyabrın 7-də saat 1 radələrində Bakı şəhər sakini R.Hüseynova zor tətbiq edən şəxsin onun 142 manatını və mobil telefonunu alması barədə Xətai RPİ-nin 37-ci Polis Şöbəsinə müraciət daxil olub. Dərhal başlanan əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən 2 nəfər qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla onların Bakı şəhər sakini Asim Məmmədov və Abşeron rayon sakini Cavad Niyazov olduqları müəyyən edilib.

Faktlarla bağlı araşdırmalar aparılır.