TƏHLİL

Aylıq qazancımızın 3 faizi tutulacaq və müalicə xərclərimizin 20 faizi qarşılanacaq

Millət vəkili: "Ölkə ərazisində icbari tibbi sığortanın tətbiqi üçün çox ciddi dəyişikliklərin olması nəzərdə tutulur"
Sputnik

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 8 oktyabr — Sputnik. "İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (İTSDA) istər qanunvericilik bazasının möhkəmləndirilməsi, istər kadr hazırlığı ilə bağlı böyük işlər aparır. Bu Agentlik gələn il icbari tibbi sığortanın bütün ölkə ərazisində tətbiqi ilə bağlı hüquqi bazanın möhkəmləndirilməsi məqsədilə mövcud "Tibbi sığorta haqqında" qanuna xeyli əlavə və dəyişikliklər hazırlayıb. Gələn il icbari tibbi sığorta bütün Azərbaycan ərazisində tətbiq olunmağa hazırdır".

Prezident icbari tibbi sığorta ilə bağlı vacib sənəd imzaladı

Bunu Sputnik Azərbaycan-a açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev deyib. Onun sözlərinə görə, hazırda təklif olunan dəyişikliklərə Nazirlər Kabinetində baxılır: "Yəqin ki, təkliflər payız sessiyası ərzində Milli Məclisə daxil olacaq. Təklif olunan dəyişikliklərin mahiyyəti barədə məlumatım yoxdur, çünki parlamentə daxil olmayıb. Amma ölkə ərazisində icbari tibbi sığortanın tətbiqi üçün çox ciddi dəyişikliklərin olması nəzərdə tutulur. Çünki burada icbari tibbi sığorta sisteminin tətbiqi ilə bağlı səhiyyənin maliyyələşdirilməsi və səhiyyə müəssisələrinin idarəçiliyində çox ciddi dəyişikliklər olacaq".

"Sığorta haqlarının məbləği, yığılması, tutulması qaydası, həkimə müraciət edərkən sığortalı şəxsin sığorta ödəmə qaydası, müəssisənin idarə olunması qaydası, tibb işçiləri arasında əmək haqqının verilməsinin nisbəti və s. məsələlər "Tibbi sığorta haqqında" qanunda əksini tapmalıdır. Çünki indiyədək boşluqlar var" — deyə deputat bildirib.

M.Quliyevin dediyinə görə, dünya təcrübəsində aylıq əməkhaqqının 4-5 faizi icbari tibbi sığorta üçün ödənilir: "Bu, bəzi ölkələrdə 7 faizdir, bəzi ölkələrdə isə 14 faizədək qalxıb. Bu, vətəndaşın əmək haqqının məbləğindən də, tibbi xidmətin genişliyindən də asılıdır. Avropa ilə müqayisədə bizdə vətəndaşların əmək haqları o qədər də yüksək olmadığına görə hesab edirəm, ilkin olaraq aşağı faizlərlə başlamaq daha önəmli olardı. Dünya təcrübəsində icbari tibbi sığorta ödəmələri ən yüksək Almaniyadadır – 14 faiz. Bunun 7 faizini işəgötürən ödəyir, 7 faizini işçi".

Deputat qeyd edib ki, məsələn, əgər Azərbaycanda icbari tibbi sığorta ödəməsi 4 faiz olsa, bunun 3 faizini işəgötürən, 1 faizini isə işçi özü ödəyər: "Sonra tibb müəssisəsinə müalicə və yaxud müayinə üçün vətəndaş müraciət edərsə, onun ümumi tibb xərclərinin 20 faizinədək olan hissəsini sığorta haqqı ödədiyi qurum ödəyə bilər".

Tibb elmləri doktoru, professor Adil Qeybulla isə Sputnik Azərbaycan-a deyib ki, burada xeyli aydınlaşdırılmalı məsələlər var: "Əvvəla İcbari Tibbi Sığorta Fonduna ayrılan vəsait ictimaiyyətə açıqlanmalı və onun şəffaflığı təmin edilməlidir. Bundan sonra həkimlərlə xəstələr arasında müqavilələr olmalıdır ki, bunun əsasında fəaliyyət göstərə bilsinlər. Bunun üçün sistem olmalıdır və bu, olmadan xeyli hüquqi problemlər də ortaya çıxa bilər. Pilot olaraq icbari tibbi sığortanın tətbiq edildiyi Mingəçevir və Yevlaxda mütəmadi olaraq hüquqi problemlər ortaya çıxır".

"Səmimi sistem olmasa, təmənna və başqa faktlar ortaya çıxacaq. Bu da icbari tibbi sığortanın tətbiqinin nəticəsini çox aşağı salacaq. Ümumiyyətlə, icbari tibbi sığortanı effektiv həyata keçirmək üçün il ərzində, təxminən, 4 milyard dollara yaxın vəsait lazımdır" — deyə A.Qeybulla bildirib.