Musa Muradlı, Sputnik Azərbaycan
BAKI, 7 oktyabr — Sputnik. Bir müddət öncə Beyləqan rayonunun Əlinəzərli kəndində Suliddin Adıgözəlova məxsus evin yanması xəbəri bunu eşidən hər kəsi üzmüşdü. İki azyaşlı da daxil olmaqla, 5 nəfərlik ailənin üzləşdiyi vəziyyət narahatlıq doğurmaya bilməzdi.
Ancaq əlinəzərlilərin qayğıkeşliyi, qonşu-qohumcanlılığı bu narahatlığı artıq geridə qoyub. Kəndin ağsaqqalları, gəncləri əllərindən gələni edirlər ki, az vaxt ərzində yanan evi bərpa edib, Suliddinin ailəsinə təhvil versinlər. Kimi pul verir, kimi də yanan evin təmizlənməsi üçün yorulmadan çalışır. Hamının da bir məqsədi var: tezliklə qəzanın nəticəsini aradan qaldırmaq!
Bu birliyin yaradılmasında isə Ortanəzərli kənd sakini Mehman Əliyevin böyük rolu var. Sputnik Azərbaycan-ın müxbiri ilə söhbətində o, bildirib ki, camaatı belə ağır günlərdə bir olmağa, darda olana köməklik göstərməyə çağırır: "Xalqımızın gözəl adətləri var. Bir-birinə arxa dayaq olmaq, dara düşənə kömək eləmək. Bu, Dədə Qorquddan qalma böyüklükdür".
M.Əliyevin sözlərinə görə, Əlinəzərli sakini Suliddinin başına gələn hadisə ilə hər kəs üzləşə bilər. Ona görə də hamı bu hadisəyə həssas yanaşmalıdır: "Bu hadisəylə üzləşən həmyerlimizə kənd sakinlərinin diqqət və qayğısı hiss olunur. Kimin əlindən yaxşı nə gəlirsə, onu edir. Pul yığılır, evin yanan konstruksiyasının təmizlənməsində könüllü kömək edirlər".
"Hamı çalışır ki, havalar soyumadan, yağışlar başlamadan bu işləri başa çatdırıb, evi Suliddinə təhvil versinlər. Evin damının tikilməsi üçün lazım olan materialın pulu artıq hazırdır. Ustalarla da danışmışıq. Onlar da işlərinin müqabilində təklif elədiyimiz puldan imtina etdilər. Təmənnasız olaraq sabahdan işə başlayacaqlar" – deyə müsahibimiz əlavə edib.
Mehman Əliyev onu da vurğulayıb ki, rayonun icra başçısı, onun yerdəki nümayəndəsi, həmçinin Suliddinin işlədiyi Melorasiya və Su Təsərrüfatının İdarəsinin rəhbərliyi də evi yanan ailəyə yüksək qayğı göstərir.
Qısa vaxtda evin hazır olacağını və Suliddinə təhvil veriləcəyini əminliklə deyən Mehman Əliyev qeyd edib ki, ev hazır olanda böyük şadyanalıq qurulacaq. Bu işdə zəhməti keçən hər kəs o məclisə dəvət olunacaq.
Bu xeyriyyə işinə dəstək verən kənd camaatı gətirdikləri yardımı Suliddinin qonşusu Telman İbrahimova verirlər. O, xeyriyyə kampaniyasına xeyli sayda kənd sakininin qoşulduğunu bildirib. Buna görə camaatdan razılıq edib.
Evi yanan Suluddin Adıgözəlovda da həmsöhbət olduq. O, bildirdi ki, evi naqillərdə yaranmış qısaqapanmadan yanıb: "Sentyabrın 20-si günorta saatlarında evimiz yanıb. Naqillərin nasazlığından qısaqapanma baş verib, nəticədə meydana çıxan yanğın tez bir zamanda genişlənib, bütün evi bürüyüb. Yanğınsöndürənləri çağırsaq da, yanğının qarşısını almaq mümkün olmadı. İçinin əşyaları ilə bir yerdə nə var idisə, hamısı yandı".
Xoşbəxtlikdən yanğın zamanı Suliddinin ailəsi evdə olmayıb: "Həyat yoldaşım məktəbə uşaqları gətirməyə getmişdi. Yanğından təqribən 10 dəqiqə əvvəl də mən evdən çıxmışdım. Xalam və qonşumuz Əfruz yanğını görən birinci adam olub".
Suliddinin xalası yanan evin min bir əziyyətlə, çox çətinliklə tikilməsindən danışıb: "Atası Fərman kişi bu evi çox çətinliklə tikmişdi. Evin daşını az-az daşımışdı. İndi inana bilmərəm ki, Suliddin yenidən özü bu evi tiksin. Camaatımızdan, dövlətimizdən xahişimiz odur ki, evin bərpasında Suliddinə kömək eləsinlər. Özünə qalsa, o, bu işin öhdəsindən təkbaşına gələ bilməyəcək. Özü əlildi, həyat yoldaşı astma-bronxit xəstəsidi. Onların iş qüvvəsi bu işləri görməyə imkan vermir".
Xala onu da eyib ki, kənd sakinləri evi əşyalarla da təmin edəcəklər: "Yanan əşyalarının yerinə evimizdən, olanımızdan nə lazım olsa, verəcəyik. Bunu eləmək çətin deyil".
Əfruz Quliyeva əvvəllər bələdiyyə sədri işlədiyini, belə çətinə düşənləri çox gördüyünü və yardımını əsirgəmədiyini deyib: "Yaxşı bir atalar sözümüz var: "El bir olsa, dağ oynadar yerindən". İnanıram ki, yaxın zamanda Suliddinin ailəsinin yenidən bu evdə yaşamasını təmin eləmək mümkün olacaq".
Suliddin Adıgözəlovun ailəsi hazırda əmisigildə məskunlaşıb. Suliddinin əmisi bildirib ki, ev hazır olana qədər onun evində rahat yaşayacaqlar.
Təmizlik və tikinti işlərində can-başla, təmənnasız çalışan insanları gördükcə, tam əmin olduq ki, Suliddinin evini tezliklə tikib başa çatdıracaqlar. Bununla da əlinəzərlilər ən böyük savabı öz kəndlərində qazanacaqlar. Ən əsası isə, bu əməlləri ilə hər kəsə örnək olacaqlar.