CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bir məzunu belə instituta qəbul olmayan məktəbdə qadın müəllim "inqilab edib"

"Artıq bu il məktəbimiz Siyəzən rayon kənd məktəbləri arasında universitetə qəbul sayına görə birinci yerdə dayanır"
Sputnik

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 6 oktyabr — Sputnik. Bütün peşələr dəyərlidir, amma müəllimliyin özünəməxsus fərqi, özəlliyi var. Bütün peşələrin fövqündə dayanan müəllimlik həm də müqəddəs peşədir. Sputnik Azərbaycan-ın budəfəki qəhrəmanı da müəllimlik peşəsinin həm şərəfi, həm də məsuliyyəti ilə yaşayan Səbinə müəllimdir.

Qəhrəmanımız peşəsini o qədər sevir ki, məhz buna görə yaşadığı məkanı belə, dəyişib, şəhərdən kəndə köç edib. Tale elə gətirib ki, şagirdlərindən ayrıla bilməyib və elə həmin kənddə də ailə həyatı qurub. Bu gün ailəsi də həyatını şagirdlərinə həsr etmiş bu müəllimə arxa-dayaqdır.

Səbinə xanım həyat yoldaşı Zamiq bəy və qızları ilə

Səbinə Güləliyeva 1983-ci ildə Sumqayıt şəhərində anadan olub. 2004-cü ildə Sumqayıt Dövlət Universitetinin filologiya fakültəsini bitirib, Xızı rayonunun Tıxlı kənd orta məktəbinə ixtisası üzrə təyinat alıb. İşləyə-işləyə bitirdiyi universitetdə magistr pilləsini qazanıb. Magistraturanı da uğurla bitirəndən sonra Siyəzən rayonu 4 saylı tam orta məktəbə müəllim təyin olunub.

Rayon həyatı onun üçün çətin olsa da, peşəsini çox sevdiyindən bütün əziyyətlərə dözməli olub. Bir müddətdən sonra isə həyatını, tamamilə, rayona bağlayıb. Buna səbəb həm şagirdlərinə olan sevgisi, həm də elə Böyük Həmyə kənd məktəbinin müəllimi Zamiq Güləliyevlə qarşılaşması olub. Bu qarşılaşma onların arasında sevgi münasibətlərinin yaranması, nəhayət, ailə həyatı ilə nəticələnib.

Özünün dediyinə görə, şəhərli qızın kəndə gəlin köçməsi ona heç də asan başa gəlməyib: "Heç zaman düşünməzdim ki, kəndə gəlin köçə bilərəm. "Qismət" deyilən bir məfhum var və biz də buna inanaraq ailə həyatı qurduq. Düzdür, ilk vaxtlar mənim üçün çox çətin idi. Valideynlərim də kəndə gəlin köçməyimə, orada müəllim kimi çalışmağıma razı deyildilər. Rəhmətlik anam məni şəhərdə müəllim kimi görmək istəyirdi. Amma peşəmə və həyat yoldaşıma olan sevgim məhdudiyyət tanımadı".

"Həyatda insanın bacarmadığı heç nə yoxdur. İlk vaxtlar çox əziyyət çəkirdim. Bina evində, şəhər həyatında böyüyən qız üçün həyətyani evdə, kənd şəraitində yaşamaq heç də asan iş deyildi. Etiraf edim ki, bəzən qayıtmaq, boşanmaq da istəmişəm, ailəmi, uşağımı və mənə ümid bəsləyən şagirdlərimi düşünüb bu qərarımdan vaz keçmişəm" – deyə keçirtdiyi çətin günlərdən söhbət açır Səbinə müəllim.

Ən çətini isə yayda isti, qışda boran, çovğun demədən, yaşadığı kənddən rayon məktəbinə piyada gedib-gəlməsi olub: "Avtomobilimiz olmadığından hər səhər qayınatamla yol kənarına çıxıb rayona getmək üçün marşrut və ya taksi gözləyirdik. Bəzən elə olurdu ki, qışda qayınatamla qarı yara-yara getməli olurduq. Bir qədər yol qət etdikdən sonra hiss edirdik ki, ayaqlarımız donub, barmaqlarımız işləmir. Qayınatam da mənimlə bərabər əziyyət çəkirdi. Səhər məni işə aparırdı, elə gün olurdu ki, düz 8 saat məni gözləyirdi, bərabər evə qayıdırdıq".

"Bu peşədə çəkdiyim əziyyətin hamısını danışsam, göz yaşınızı tuta bilməzsiniz"- deyən müsahibimizi elə qarşılaşdığı əziyyətlər daha çox işləməyə, öyrətməyə həvəsləndirib. Əziyyət gördükcə öz peşəsinə daha çox sarılıb, var gücü ilə nailiyyətlər qazanmaq üçün çırpınıb. Nəhayət qısa zamanda əziyyətinin bəhrəsini görüb. Siyəzən Rayon Təhsil Şöbəsinin müdiri ona yaşadıqları Böyük Həmyə kənd orta məktəbində tədris işləri üzrə direktor müavini vəzifəsində işləməyi təklif edib.

O, əvvəlcə təklifi qəbul etmək istəməsə də, sonradan razılaşmalı olub: "Həyat yoldaşım həmin məktəbdə təşkilati məsələlər üzrə direktor müavini vəzifəsində çalışırdı. Mənə də həmin məktəbdə tədris işləri üzrə direktor müavini vəzifəsini təklif edəndə, doğrusu, tərəddüd edirdim. Bu məsuliyyətli işin öhdəsindən necə gələcəyimi düşünürdüm. Nəhayət qəbul elədim və işləməyə çalışdım".

Səbinə müəllimə qısa vaxt ərzində məktəbdə, sanki inqilab edib: "İlk öncə çox çətindi. Neçə illər idi ki, məktəbin məzunlarından universitetlərə qəbul olunan yox idi. Qız uşaqlarını təhsildən uzaqlaşdırıb erkən nikaha cəlb edirdilər. Mən var gücümlə mübarizəyə başladım, valideynlərlə tez-tez iclaslar keçirdim, uşaqlarını oxutdurmaları üçün ailələrin evlərinə qədər getdim. İldən-ilə məktəbimizin vəziyyəti daha da yaxşılaşdı. Artıq bu il məktəbimiz Siyəzən rayon kənd məktəbləri arasında universitetə qəbul sayına görə birinci yerdə dayanır. Bu, bizim zəfərimizdir".

Gözəl ana, sədaqətli qadın, fədakar müəllim olan Səbinə xanım etiraf edir ki, kəndə ərə gəldiyinə görə bir zaman çox peşman olub: "Ailəm şəhərdə yaşayırdı, mən kəndə gələndən sonra anam xərçəng xəstəliyinə düçar oldu, 3 ay xəstəliklə mübarizə apardı. Bu müddət ərzində həm yolun uzaqlığı, həm də məktəbin yükü son günlərində anamın yanında olmağıma imkan vermədi. Bu səbəbdən özümü çox qınayıram, yadıma düşdükcə ağlayıram. Buna görə də kəndə, uzaq el-obaya gəldiyim üçün bəzən özümü bağışlaya bilmirəm".

Səbinə müəllimə qızı ilə

Söhbətimizin bu yerində Səbinə müəllimənin göz yaşlarına dözə bilməyən həyat yoldaşı Zamiq Güləliyev də bizə qoşulur. Bir qədər də onu tanımağa çalışırıq. Öyrənirik ki, 1982-ci ildə doğulan Z.Güləliyev orta məktəbi bitirdikdən sonra hərbi xidmətə gedib. Qayıtdıqdan sonra filoloq ixtisası üzrə ali təhsil alıb. Universiteti bitirən kimi Böyük Həmyə kəndində müəllim işləməyə başlayıb. Beş ilə yaxındır ki, məktəbdə təşkilatı məsələlər üzrə direktor müavini vəzifəsində çalışır.

Zamiq müəllim deyir ki, həyat yoldaşı ilə çiyin-çiyinə çalışmaq onun üçün fəxrdir: "Səbinə xanım haqqında çox yaxşı sözlər eşidirdim. Onun çalışqanlığı, tərbiyəsi, idarəetmə qabiliyyəti rayon məktəblərinin direktorlarının dilində dolaşırdı. Onu görmək, tanış olmaq mənə maraqlı idi. İclasların birində tanış olduq və o gündən ona vuruldum. Ailəmə vəziyyəti başa saldım, Səbinə xanımı da razı salaraq onlara elçi göndərdim. Ailə qurduq, iki qız övladımız var".

"Onunla özümü çox xoşbəxt hiss edirəm. Eyni ixtisas sahibi olmağımız da təsadüfi və maraqlı məqamdır. Hər gün səhər bərabər məktəbə getməyimiz, məktəbdəki problemlərin öhdəsindən gəlməyə çalışmağımız, bir çıxış yolu tapmağımız və ən nəhayət, iş məsələlərində bir-birimizə güzəştə getməməyimiz işin daha gözəl tərəfidir".

Səbinə xanım haqqında qayınatası Adil dayı da danışır, deyir ki, əvvəllər oğlunun seçiminə görə tərəddüd etsələr də, qısa zamanda hər şey qaydasına düşüb: "Düzünü desəm, ilk vaxtlar tərəddüd içində idik. Yoldaşımla öz-özümüzə suallar verirdik ki, şəhər qızı gəlib kənd həyatına necə öyrəşəcək, biz necə davranacağıq ki, o, bizdən razı qalsın? Oğlum ailə qurdu və zamanla hər şey öz yoluna düşdü".

Güləliyevlər ailəsi

"İlk əvvəllər gəlinim çox darıxırdı, qəribsəyirdi. Amma biz ona ana, ata olmağa çalışdıq. Oğlumuzdan daha çox dəyər verdik, kənd işlərini görməyə qoymadıq, hətta uşaqlarına da həyat yoldaşım baxır, böyüdür. Dedik, öz işi ilə məşğul olsa, bizə kifayətdir. Özünün də qeyd etdiyi kimi, biz qayınata gəlin çox əzablı günlər yaşamışıq, çətin günlərimiz olub. Amma heç vaxt ruhdan düşməmişik" – deyir qayınata.

Gəlini haqqında ağızdolusu danışan Adil dayı onu da vurğulayır ki, Səbinə müəllimə həm də kənd sakinləri böyük hörmət bəsləyir: "Kənd camaatı tez-tez, ondan razılıq edir, deyirlər ki, "uşaqlara yaxşı dərs keçir, hala olsun". Mən də bu sözləri eşitdikcə bütün əziyyətlərimizi unuduram. Gəlinim həm də çox gözəl anadır. Övladlarının tərbiyəsi ilə yüksək səviyyədə məşğul olur".

İnanırıq ki, fədakar Səbinə xanım gözəl ailəsi ilə birlikdə bir çox gənc ailələrə nümunə olacaq.