RUSİYA

Rusiyanın qalxanını yaratmış azərbaycanlı sensasiyalı iddia ortaya atıb

"Biz "S-400"-ü hazırladığımız vaxt amerikalılar bəzi şeyləri oğurlayıb öz raket komplekslərini müəyyən vəziyyətə çatdırıblar"
Sputnik

BAKI, 5 oktyabr — Sputnik. Rusiya Hava Hücumundan Müdafiə sistemlərinin yaradılması ilə məşğul olan "Almaz-Antey" konserninin baş konstruktor bürosunun sabiq icraçı katibi İqor Aşurbəyli Rusiyaya məxsus "S-300" tipli zenit-raket komplekslərinin əsas rəqibinin adını açıqlayıb. Bu barədə Sputnik Azərbaycan "Zvezda" telekanalına istinadən xəbər verir. 

Aşurbəylinin sözlərinə görə, Rusiyanın zenit-raket kompleksləri ilə yalnız ABŞ istehsalı olan "Patriot" raketlərinin son modifikasiya olunmuş versiyası rəqabət apara bilər: "Çünki, biz "S-400"-ü hazırladığımız vaxt amerikalılar bəzi şeyləri oğurlayıb öz raket komplekslərini müəyyən vəziyyətə çatdırıblar".

O, eyni zamanda qeyd edib ki, dünyada "S-400" və "S-500" zenit-raket komplekslərinin rəqibi yoxdur.

Daha əvvəl isə yayılan məlumatda Rusiyanın Suriyaya "S-300" zenit-raket kompleksləri verməsindən sonra ABŞ-ın bu bölgədə "F-22" tipli qırıcıların uçuşlarını bərpa edə biləcəyi bildirilib.

Qeyd edək ki, sentyabrın 24-də Rusiya müdafiə naziri Sergey Şoyqu bildirib ki, onun ölkəsi iki həftə ərzində Suriyaya "S-300" raket əleyhinə kompleksləri təqdim edəcək. "Bu komplekslər 250 kilometrdən artıq məsafədə olan hava hücumu vasitəsini tutmaq, eyni zamanda bir neçə hava hədəfini vurmaq qabiliyyətinə malikdir" – deyə Şoyqu vurğulayıb.

ABŞ Rusiyaya qarşı "kabus"unu işə saldı: Böyük toqquşma həyəcanı yaşanır

Rusiya müdafiə nazirinin sözlərinə görə, "S-300" Suriya Hava Hücumundan Müdafiə qüvvələrinin imkanlarını artıracaq. Şoyqu xatırladıb ki, Rusiya 2013-cü ildə Dəməşqə "S-300" komplekslərinin çatdırılmasını dayandırsa da, vəziyyət artıq dəyişib və bu, Moskvanın günahı üzündən baş verməyib.

Xatırladaq ki, Suriyanın Xmeymim əyalətində yerləşən Rusiya hərbi bazasının komandanlığı sentyabrın 18-i 00:00 radələrində Hava-Kosmik Qüvvələrinin "İl-20" təyyarəsi ilə əlaqəni itirib. Ekipajla əlaqə Aralıq dənizində, Suriya sahillərindən 35 kilometr aralıda itib.

Rusiya Müdafiə Nazirliyi qeyd edib ki, "İl-20" təyyarəsi İsrailə məxsus 4 ədəd "F-16" qırıcısının Suriyanın Latakiya bölgəsində uçuşlar həyata keçirdiyi zaman yoxa çıxıb.

Rəsmi Moskva hadisənin İsrailin məsuliyyətsiz davranışı və təhlükəli vəziyyət yaratması ucbatından baş verdiyini bəyan edir. İsrail tərəfi isə təyyarənin Suriyaya məxsus raket tərəfindən vurulduğunu iddia edir. Hadisə Moskva ilə Təl-Əviv arasında diplomatik gərginlik yaradıb.

Rusiya həmçinin, İsrailə cavab vermə hüququnu özündə saxladığını bildirmişdi.

Məlumat üçün bildirək ki, İqor Aşurbəyli 9 sentyabr 1963-cü ildə Bakıda anadan olub. Rusiya Hava Hücumundan Müdafiə Sistemləri Konserninin İdarədənkənar Ekspert Şurasının həmsədridir. "Almaz-Antey konstruktor bürosunun sabiq rəhbəri, texnika elmləri doktorudur.

2011-ci ilədək İqor Aşurbəyli 10 il "Almaz-Antey"in baş konstruktor bürosu sisteminə rəhbərlik edib. Onun direktoru olduğu "Almaz" korporasiyası müasir Rusiyanın havadan müdafiə sisteminin qalxanı sayılan "S-300" və "S-400" raketlərinin istehsalı ilə məşhurlaşıb.