BAKI, 5 oktyabr — Sputnik. Fransa polisinin itkin düşməsi ilə bağlı araşdırmalara başladığı "İnterpol"un rəhbəri Men Xunvey Çində istintaqa cəlb olunub. Bu barədə Sputnik Azərbaycan "South China Morning Post"-a istinadən xəbər verir.
Mənbə nəşrə bildirib ki, 64 yaşlı Men Xunvey təyyarədən endiyi vaxt Çinin hüquq mühafizə orqanları tərəfindən saxlanılaraq, naməlum istiqamətdə aparılıb. Hazırda Çin tərəfinin "İnterpol" rəhbərini hansı iş üzrə istintaqa cəlb etdiyi bilinmir. Onun harada saxlandığı da məlum deyil.
Qeyd edək ki, daha əvvəl Fransa polisi "İnterpol"un rəhbəri Men Xunveyin itkin düşməsi faktı ilə bağlı araşdırmalara başlayıb.
Məlumatda bildirilir ki, 64 yaşlı Men Xunvey son bir həftədir əlaqəyə çıxmır. Sonuncu dəfə onu sentyabrın 29-u Çinə gedərkən görüblər.
Onun itkin düşməsi barədə ərizəni polisə Xunveyin Lionda yaşayan həyat yoldaşı verib.
2016-cı ildə Çinin ictimai təhlükəsizlik nazirinin müavini Men Xunvey "İnterpol"un prezidenti seçilib.