CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sürücülərə xəbərdarlıq edildi, külək var, ehtiyatlı olun

Daha vacib bir məqam isə avtomobili idarə edərkən sürücülərin üzləşdiyi problemdir
Sputnik

BAKI, 5 oktyabr — Sputnik. Son günlər respublikanın bir çox yerlərində, eləcə də Bakı şəhərində güclü külək müşahidə olunur. Belə hava şəraitində istər piyadaların, istərsə də avtomobil sahiblərinin problemləri çoxalır. Əsasən avtomobillərin üzərinə ağaclar qoparaq aşır və bu da ağır nəticələrə gətirib çıxarır.

Azərbaycanda güclü külək insan ölümünə səbəb oldu

Yol-nəqliyyat eksperti Elməddin Muradlı Sputnik Azərbaycan-a açıqlamasında küləkli hava şəraitində necə davranmaq barədə bəzi tövsiyələr verib. O bildirib ki, ilk növbədə avtomobili park edən zaman yaxınlıqda iri gövdəli ağacın olub-olmamasına diqqət etmək lazımdır: "Xüsusilə yaşlı və üzərində ağır budaqları olan ağaclar daha təhlükəlidir. Hündür divarlardan avtomobili kənar saxlamaq lazımdır. Binaların qarşısında, balkonların altında avtomobil saxlamaq tövsiyə edilmir. Çünki balkonlardan düşən hansısa əşya və ya yüngül örtüklər avtomobilə ziyan vura bilər. Bundan əlavə, avtomobili yol nişanlarına, avtobus dayanacaqları və digər yüngül konstruksiyalı tikililərə yaxın məsafələrdə saxlamaq olmaz. Çünki güclü külək onları dağıdır və tullantılar ətrafa səpələnir".

Ekspert qeyd edib ki, daha vacib bir məqam isə avtomobili idarə edərkən sürücülərin üzləşdiyi problemdir.

"Xüsusən magistral yollarda, yaşayış məntəqələrindən kənarda güclü külək bəzən az qalır sükanı sürücünün əlindən alsın. Bəzi sürücülər avtomat ötürücü qutusu olan maşını bir əllə idarə edir. Bu da təhlükə yarada bilər. Çünki güclü külək bir anda avtomobilin idarəetməsini itirməsinə səbəb olar. 30-40 sm sağa və ya sola manevr hansısa yol-nəqliyyat hadisələrinə səbəb ola bilər. Odur ki, belə yollarda avtomobili iki əllə idarə etmək lazımdır. Oturacağa yayılmaq yox, şux oturaraq sükana hakim olmaq lazımdır. Bir məqama da diqqət eləmək lazımdır. Meşəlik və əkin sahələrinə yaxın yollarda, eləcə də payız aylarında qurumuş yarpaqların, otların toplandığı yol kənarlarına siqaret kötüyü atmaq olmaz. Birincisi, qanunla maşından küçəyə hər hansı əşya atmaq qadağandır. Digər tərəfdən isə sizin atdığınız siqaret kötüyü küləkli havada daha tez yanğına səbəb ola bilər" – deyə o bildirib.