Cənub rayonlarının müəllimləri ilə görüş keçirilib

Bu il müsabiqədən uğurla keçən 81 nəfər gənc müəllim rayonun ümumi təhsil müəssisələrində dərs deməyə başlayıb
Sputnik

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 5 oktyabr — Sputnik. Oktyabrın 4-də Cəlilabad və Masallı rayonlarına mediatur təşkil edilib. Mediaturun keçirilməsində əsas məqsəd Cənub bölgəsində yeni inşa edilən modul tipli məktəblərlə tanış olmaq, eləcə də 5 oktyabr Beynəlxalq Müəllimlər Günü ərəfəsində cari tədris ili üçün yüksək balla işə qəbul olunan müəllimlərlə görüş keçirmək olub.

Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, tur iştirakçıları ilk olaraq yenicə istifadəyə verilmiş, Cəlilabad rayon Fərzili kənd ümumi orta məktəbinin binası ilə tanış olublar. Məktəb direktoru Fuad Bəhramov tur iştirakçılarına bildirib ki, sözügedən modul tipli məktəbin tikintisinə ötən ilik dekabrında start verilib və bu ilin sentyabr ayında istifadəyə verilib.

Məktəbdə 6 sinif, 1 müəllimlər otağı var. İki növbəli sistemdə fəaliyyət göstərən Fərzili kənd ümumi orta məktəbində 73 şagird təhsil alır, 19 müəllim çalışır. Müasir avadanlıqlarla və mərkəzləşdirilmiş istilik sistemi ilə təmin edilən təhsil müəssisəsində 1 məktəbəqədər hazırlıq qrupu, 9 sinif komplekti fəaliyyət göstərir.

1 / 4
Cəlilabad və Masallı rayonlarına mediatur təşkil edilib
2 / 4
Cəlilabad və Masallı rayonlarına mediatur təşkil edilib
3 / 4
Cəlilabad və Masallı rayonlarına mediatur təşkil edilib
4 / 4
Cəlilabad və Masallı rayonlarına mediatur təşkil edilib

Cəlilabad rayonunda, ümumilikdə, 5 modul məktəb istifadəyə verilib, 10 belə məktəb isə növbəti tədris ilində təhvil veriləcək.

Məlumat üçün bildirək ki, modul tipli məktəblərin üstünlüyü onların az məsrəfli olması, qısa müddət ərzində istənilən relyefdə quraşdırılması, asan daşınması və sinif otaqlarının sayının şagirdlərin sayına uyğun olaraq rahatlıqla azaldılıb-artırılmasıdır.

Mediatur iştirakçıları daha sonra Masallı şəhər Rafiq Əlihəsənov adına 1 nömrəli tam orta məktəbdə və Ərkivan qəsəbə Z.Nəcəfov adına 2 nömrəli tam orta məktəbdə olublar. Onlar yüksək bal toplayan müəllimlərlə görüşüb, onların dərs prosesini izləyiblər.

Media nümayəndələrinə məlumat verilib ki, bu il müsabiqədən keçən 81 nəfər gənc müəllim rayonun ümumtəhsil müəssisələrində dərs deməyə başlayıb. Bu müəllimlərdən 6 nəfəri isə Rafiq Həsənov adına 1 nömrəli tam orta məktəbdə çalışır.