Onlardan biri Qax rayonunun Əmbərçay kənd sakini Şahin Yusifovdur. İyirmi ildən artıqdır ki, nalbəndlik edən Ş.Yusifov sənətinin çətinlikləri haqqında danışır: "Nalı atın ayağına vurmaq yüksək ustalıq tələb edir. Mıxlama zamanı ani bir səhv atın ayağını zədələyə bilər və at yerimə qabiliyyətini itirər. Əgər mıx dırnağın mayasına dəyərsə, at uzun müddət axsayar".
Ustanın sözlərinə görə, dişi atlara nisbətən, erkək atlara nal vurmaq daha çətindir: "Minilməyən erkək "bay" atlara nal vurmaq çox çətindir. Onlara nal vurmaq həddən artıq zəhmət tələb edir. Onun nallanması çətin olduğundan sahibinə deyirik ki, atı əvvəldən çapsın, nallanmağa gələndə at yorğun olsun".
Şahin Yusifov hər il Novruz bayramı ərəfəsində kəndlərində at yarışları da təşkil edir. Bu da kişilik rəmzi sayılan atın unudulmamasına rəvac verir.