RUSİYA

Rəsmi Moskvadan pozitiv Qarabağ bəyanatı

Rusiya XİN: Bu müsbət meyllərə mümkün qədər hər cür dəstək verəcəyik
Sputnik

BAKI, 4 oktyabr — Sputnik. Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində bütün pozitiv tendensiyaları alqışlayır. Sputnik Azərbaycan xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

"Biz baş verən bütün pozitiv tendensiyaları alqışlayırıq. İndi onları inkişaf etdirmək və ehtiyatsız ritorika ilə zədələmək lazım deyil. Öz tərəfimizdən bu müsbət meyllərə mümkün qədər hər cür dəstək verəcəyik" — deyə Zaxarova vurğulayıb.

Qeyd edək ki, oktyabrın 1-də "Rossiya 1" telekanalında jurnalist Vladimir Solovyovun "Moskva. Kreml. Putin" proqramının növbəti buraxılışı yayımlanıb. Verilişdə MDB-nin ötən həftə Tacikistanın paytaxtı Düşənbədə keçirilən sammitinə dair geniş süjet həsr olunub.

Moskvadan sensasion kadrlar: İlham Əliyevlə Nikol Paşinyanın yeni görüntüləri yayıldı

Sammitdən çəkilən kadrlarda prezidentlərin formal və qeyri-formal ünsiyyətlərinə dair kadrlar yer alıb. Kadrlardan biri Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında ünsiyyət barədə olub.

Video-görüntülərdən məlum olur ki, dövlət və hökumət başçıları sammitin keçiriləcəyi beşmərtəbəli binaya yuxarı qalxmaq üçün liftdən istifadə ediblər. Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri eyni liftdə olub.

"Rossiya 1" telekanalı İlham Əliyevlə Nikol Paşinyanın liftdən birlikdə çıxdıqlarını əks etdirən kadrları nümayiş etdirib və bunu "sensasion kadrlar" adlandırıb: "Qonşu liftdə nələrin baş verdiyi məlum deyil. Bu kadrlar özü-özlüyündə sensasion kadrlar hesab oluna bilər".