Əli Həsənov digər vəzifəsindən də uzaqlaşdırıldı

Novruz Məmmədov yeni qərar qəbul edib
Sputnik

BAKI, 4 oktyabr — Sputnik. Baş nazir Novruz Məmmədov Azərbaycan Respublikası Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun (MKSİF) Müşahidə Şurasının yeni tərkibinin təsdiq edilməsi ilə bağlı qərar qəbul edib. Sputnik Azərbaycan Nazirlər Kabinetinin saytına istinadla xəbər verir ki, qərar Fondun Müşahidə Şurasının yeni tərkibinin təsdiq edilməsi haqqında "Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 6 dekabr tarixli 215 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun Nizamnaməsi"ndə dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 29 avqust tarixli 249 nömrəli Fərmanına əsasən verilib.

"Ağdamın 200 minlik əhalisinin 153 min nəfəri məcburi köçkündür"

Baş nazirin qərarında deyilir:

1. Azərbaycan Respublikası Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun Müşahidə Şurasının aşağıdakı yeni tərkibi təsdiq edilsin:

Müşahidə Şurasının sədri

Rövşən Rzayev — Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri.

Müşahidə Şurasının üzvləri:

İlqar Fətizadə — Azərbaycan Respublikası maliyyə nazirinin birinci müavini Mətin Kərimli — Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini.

Cəmaləddin Quliyev — Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Aparatının iqtisadi və sosial sahələrin inkişafı şöbəsinin müdiri.

Azay Quliyev — Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri.

Adil Abdullayev — "Avropa Lift Sistemləri" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi, Azərbaycan Respublikası Kiçik və Orta Sahibkarlar İttifaqının prezidenti.

Qulam İshaqzai — BMT-nin İnkişaf Proqramının Rezident Nümayəndəsi.

Caydev Sinqx — ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin Azərbaycandakı Missiya Direktoru.

Guido Ambroso — BMT-nin Qaçqınlar üzrə Ali Komissarının Azərbaycandakı nümayəndəsi.

2. "Azərbaycan Respublikasının Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 15 oktyabr tarixli 151 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 10, maddə 868; 2006, № 11, maddə 991; 2009, № 4, maddə 277) 1-ci hissəsi ləğv edilsin.

Xatırladaq ki, daha əvvəl MKSİFin Müşahidə Şurasının sədri Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin keçmiş sədri Əli Həsənov idi.