CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bərdədəki “ölüm keçidi”də nə baş verir?

Kənd sakinləri görülən işi müsbət qiymətləndirsələr də, ərazidə işıqfor və radar qoyulmadan təhlükəsizliyin təmin ediləcəyinə inanmırlar
Sputnik

Musa Muradlı, Sputnik Azərbaycan

BAKI, 4 oktyabr – Sputnik. Bərdənin Divanlı və Şorəlli kəndləri arasında yolda qəzaların adi hala çevrildiyi barədə yazmışdıq. Belə ki, sürücülər piyadalar üçün nəzərdə tutulan keçiddə Yol Hərəkəti qaydalarına əməl etmirlər, maşınları sürətlə idarə olunur, nəticədə həmin ərazidə ağır qəzaların baş verir.

Sputnik Azərbaycan-ın yazısından sonra əlaqədar təşkilatlar ərazidə təhlükəsizlik tədbirlərini gücləndirmək məqsədilə işə başlayıb. Artıq yolarası dəmir maneələrin söküntüsü başa çatdırılıb. Xatırladaq ki, vaxtaşırı maşınların həmin dəmirlərə çırpılması nəticəsində ölümlə nəticələnən dəhşətli yol qəza hadisələri baş verirdi.

Bərdənin Divanlı və Şorəlli kəndləri arasında yol

Divanlı kənd sakini İlqar Quliyev görülən işi müsbət qiymətləndirsə də, ərazidə işıqfor və radar qoyulmadan təhlükəsizliyin təmin ediləcəyinə inanmadığını deyib: "Dəmirlərin sökülməsi yaxşı haldır. Bu yaxınlarda ərazidə iki qəza baş verdi. Hər ikisi də ölümlə nəticələndi. Talenin qismətinə bax ki, ölənlərin hər ikisi də Qarabağ əlili idi. Biri “NAZ Lifan”-la, digəri isə “OKA” maşınıyla qəzaya düçar oldu. Qarabağ döyüşlərindən salamat çıxan oğullarımız, məhz bu dəmirlərə çırpılmağın qurbanı oldular. İndi çox güman ki, dəmirləri beton arakəsmələrlə əvəz edəcəklər. Sürət həddini keçən sürücülər idarəetməni itirdikləri halda özlərini bu dəfədə betonlara çırpmış olacaqlar. Burada görülməli olan əsas tədbir işıqfor və radar qurulmasıdır. Belə olsa, qəzaların və ölümlərin qarşısını almaq olar. Əks təqdirdə, yolun təhlükəsizliyini təmin eləmək mümkün olmayacaq"

Divanlıların hamısı İlqar Quliyevin dediyini təsdiq edir. Onlar işıqfor və radar qurulmasını vacib sayırlar. Hər iki kəndin sakinləri məktəbə gedən uşaqlarının həyatı üçün çox narahat olduqlarını bildirilər.