"Uşaqların zərərli informasiyadan qorunması haqqında" yeni qanun layihəsi hazırlanır

Qanun layihəsi müzakirələrdən sonra plenar iclasa tövsiyə olunub
Sputnik

BAKI, 3 oktyabr — Sputnik.  Milli Məclisin bu gün keçirilən İnsan hüquqları komitəsinin iclasında yeni hazırlanan "Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanun layihəsinə ikinci oxunuşda baxılıb. Sputnik Azərbaycan xəbər verir ki, 5 fəsil, 19 maddədən ibarət qanun layihəsində uşaqların informasiya əldə etməsi, ailə institutunu nüfuzdan salan informasiya, həmçinin informasiya məhsulunun yaş təsnifatı, zorakılığın və qəddarlığın nümayişi və digər bu kimi anlayışların izahatı verilir. 

"Ümumi təhsil haqqında" yeni qanun layihəsi hazırlanır

Layihədə deyilir ki, uşaqların mənafelərinin üstün tutulması, onların hüquq və azadlıqlarının təmini, uşaqların həyat və sağlamlığı üçün təhlükəsiz olan, onların hərtərəfli inkişafını və sosiallaşmasını təmin edən informasiya məhsullarının dövriyyəsinə şəraitin yaradılması, zorakılığın, qəddarlığın, narkotik vasitələrin və psixotrop maddələrin, alkoqollu içkilərin və tütün məmulatlarının, cəmiyyət əleyhinə davranışın, pornoqrafik xarakterli informasiyanın təbliğinin yolverilməzliyi uşaqların zərərli informasiyadan qorunması sahəsində əsas prinsiplərdir. 

Həmçinin, zərərli informasiya məhsullarının dövriyyəyə daxil edilməsinin, o cümlədən informasiya texnologiyalarından istifadə etməklə uşaqlara qarşı törədilən hüquqpozmaların qarşısının alınması, uşaqların zərərli informasiyalardan qorunması sahəsində beynəlxalq əməkdaşlığın həyata keçirilməsi də bu prinsiplərə daxildir. 

Qanun layihəsinin üçüncü fəslində informasiya məhsulunun işarələnməsi, informasiya məhsulunun işarələnməsinin xüsusiyyətləri, teleradio yayımı vasitəsi ilə yayımlanan informasiya məhsuluna aid tələblər, informasiya məhsullarının telekommunikasiya şəbəkələri vasitəsilə yayımının xüsusiyyətləri, uşaqlar üçün nəzərdə tutulan informasiya məhsullarının dövriyyəsinə dair, uşaq üçün qadağan olunan informasiya məhsullarının dövriyyəsinə dair əlavə tələblər öz əksini tapır.

Qanun layihəsində deyilir ki, "18+" yaş kateqoriyasına aid informasiya məhsulu teleradio vasitəsilə yayımlanarkən bu informasiya məhsulunun yaş kateqoriyası haqqında xəbərdarlıq televiziya yayımı zamanı işarə, radio yayımı zamanı isə səsləndirmə ilə həyata keçirilməlidir.

Uşaqlar üçün nəzərdə tutulan informasiya məhsullarında (telekommunikasiya şəbəkələri, o cümlədən internet şəbəkəsi vasitəsi ilə yayılan informasiya məhsulları və sellülar (mobil) rabitə şəbəkəsi də daxil olmaqla) onların zərərli informasiya məhsulunun hazırlanmasına cəlb edilməsi barədə elanların yerləşdirilməsinə yol verilmir. Uşaqlar üçün kino və video xidmətlərin göstərilməsi zamanı, uşaq teleradio proqramlarında və verilişlərində, uşaq üçün nəzərdə tutulmuş dövri mətbu nəşrlərdə yayılan reklam onun yerləşdirildiyi informasiya məhsulunun yaş kateqoriyasına uyğun olmalıdır.

Bu qanunun icrasına nəzarət fəaliyyət istiqamətlərinə uyğun olaraq müvafiq dövlət orqanları tərəfindən həyata keçirilir.

"Təhsil kreditləri haqqında" qanun layihəsi hazırlanacaq

Qanun layihəsinin 5-ci maddəsinə əsasən, uşaqlar üçün nəzərdə tutulmuş informasiya məhsullarının yaş təsnifatı aparılır:

1. "universal" — istənilən yaş qrupları üzrə dövriyyəsinə məhdudiyyət qoyulmur,
2. "6 yaşadək" altı yaşı tamam olmamış uşaqlar arasında dövriyyəsinə yol verilir,
3. "6 yaşdan" — altı yaşı tamam olmuş uşaqlar arasında dövriyyəsinə yol verilir,
4. "12 yaşdan" — on iki yaşı tamam olmuş uşaqlar arasında dövriyyəsinə yol verilir,
5. "16 yaşdan" — on altı yaşı tamam olmuş uşaqlar arasında dövriyyəsinə yol verilir,
6. "18 yaşdan" — uşaqlar arasında dövriyyəsinə yol verilmir.

Layihədə qeyd olunur ki, informasiya məhsulunun yayıcısı həmin məhsulun müstəqil şəkildə və ya ekspertin iştirakı ilə yaşa görə təsnifatlaşdırılmasını təmin etmədən ölkə ərazisində yaya bilməz.

Qanun layihəsinin 7-ci maddəsində informasiya məhsulunun necə işarələnməsi əksini tapıb. Bu maddəyə əsasən, məhsulun üzərində müvafiq yaş həddi çevrədə göstərilməlidir.

Parlament layihəni qəbul edərsə, 2020-ci ilin yanvarın 1-də qüvvəyə minəcək.

Qanun layihəsi müzakirələrdən sonra plenar iclasa tövsiyə olunub.