CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu gün siqaret çəkilməsi ilə bağlı rəsmən cərimə müəyyən ediləcək

"Amma maraqlı olan həm də odur ki, buna effektiv nəzarət mükün olacaqmı?"
Sputnik

BAKI, 1 oktyabr — Sputnik. "Milli Məclis bu gün taksidə də siqaret çəkməyə görə rəsmən cərimə müəyyən edir. Taksidə siqaret çəkən sürücü və ya sərnişin 40-50 manat cərimə olunacaq".

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə hüquqşünas Ərşad Hüseynov öz "Facebook" səhifəsində yazıb. O, qeyd edib ki, bu qanun 30-40 gündən sonra qüvvəyə minəcək.

"Amma maraqlı olan həm də odur ki, buna effektiv nəzarət mükün olacaqmı? Hər bir halda taksi sürücləri və taksidən istifadə edənlər indidən bunu yadda saxlasalar, yaxşı olar" — deyə Hüseynov diqqətə çatdırır.

O bildirib ki, tütündən istifadə ilə bağlı yeni inzibati xəta və buna görə ciddi cərimə təsbit edilir: "İXM-ə əlavə edilən yeni norma belədir: 212.5. "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş yerlərdə (tütün çəkmək üçün təşkil edilmiş xüsusi yerlər istisna olmaqla) tütün çəkilməsinə şərait yaradılmasına, yaxud tütün çəkilməsinin təklif edilməsinə görə — vəzifəli şəxslər 500 manat məbləğində, hüquqi şəxslər 1200 manat məbləğində cərimə edilir.".

Ekspert hesab edir ki, bu normada ifadə edilən hüquqazidd əməllər xeyli mübahisəyə yol açacaq: "Məslən, "qadağan edilmiş yerlərdə tütün çəkilməsinə şərait yaradılması" nəyi ehtiva edəcək, tutaq ki, masanın üstünə sadəcə külqabı qoymaq bu xəta sayılacaqmı və s. İkinci əməl isə daha mücərrəddir: "qadağan edilmiş yerlərdə tütün çəkilməsinin təklif edilməsi". Gözəl bilirik ki, təklif adətən şifahi olur və olacaq".

"Bəs bunu necə fiksə etmək mümkündür? Əlbəttə, qəliz məsələdir. Fikrimcə, bu xəta o halda sübut edilə biləcək ki, konkret adamın qabağına sulu qəlyan kimi nəsə bir şey qoyulsun, yaxud divarda-filanda yazı olsun ki, "buyurun, siqaret çəkin". Hər halda belə mübahisəli və mücərrəd normalara yer olmamalıdır, məncə" — deyə yazan hüquqşünasın sözlərinə görə, bu işin icrası ilə Bakıda Bakı Nəqliyyat Agentliyi, digər yerlərdə NRYTN məşğul olunacaq, lakin böyük ehtimalla bu yenilik qüvvəyə minənədək bu sıraya DYP də əlavə olunacaq.