BAKI, 1 oktyabr — Sputnik. Qobustan Milli Tarixi-Bədii Qoruğuna yeni direktor təyinatı olub. Oktyabrın 1-də yeni direktor Vüqar İsayev qoruğun kollektivinə təqdim edilib.
Sputnik Azərbaycan Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, təqdimat mərasimində çıxış edən Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov Qobustan qoruğunun Azərbaycan tarixindəki mövqeyi, ölkəmizin qədim yaşayış məskəni kimi təbliğ olunmasında əhəmiyyətindən danışdı. Bildirdi ki, qədim tarixi özündə əks etdirən qoruq hər zaman həm ölkə vətəndaşlarının, həm də xarici qonaqların diqqət mərkəzindədir. Ona görə də Qobustan qoruğu öz fəaliyyətini daha da gücləndirilməlidir: "Qobustan qoruğu 2007-ci ildə UNESCO-nun Dünya irsi siyahısına salınıb. 2011-ci ildə burada müasir muzey binası inşa olunub. İndi qarşımızda duran əsas məsələ bu qoruğun fəaliyyətinin daha da gücləndirilməsi, turistlərə göstərilən xidmətin keyfiyyətinin daha da yüksəldilməsidir".
Zakir Sultanov vurğuladı ki, mədəniyyət naziri Əbülfəs Qarayevin müvafiq əmri ilə İsayev Vüqar Ürfət oğlu Qobustan Milli Tarixi-Bədii Qoruğunda direktor təyin olunub. Bildirildi ki, bundan əvvəl də Mədəniyyət Nazirliyi sistemində çalışan V.İsayev Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Mədəni irsin qorunması üzrə nəzarət şöbəsinin Abidələrin qorunması və texniki nəzarət sektorunun müdiri vəzifəsində işləyib.
Mədəniyyət nazirinin müavini Rafiq Bayramov çıxış edərək nazirliyin strukturunda aparılan islahatlardan danışdı. Bildirdi ki, həyata keçirilən islahatlar nəticəsində nazirliyin tabeliyində olan qoruqlar Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyinə verilib: "Ölkəmizdə tarixi, mədəni baxımdan zəngin qoruqlar var. Hazırda qoruqların fəaliyyətinin daha da gücləndirilməsi istiqamətində islahatlar aparılır".
Rafiq Bayramov bildirdi ki, Qobustan Milli Tarixi-Bədii Qoruğunun fəaliyyəti nazirlik tərəfindən diqqətdə saxlanılır. Qoruq ölkəmizə gələn xarici qonaqların həmişə marağında olduğu nəzərə alınaraq burada xidmət səviyyəsi daha da artırılmalıdır.
Yeni təyin edilən direktorun qarşıya qoyulan bütün vəzifələrin öhdəsindən gələcəyinə ümidvar olduğunu vurğulayan nazir müavini Vüqar İsayevi kollektivə təqdim edərək ona gələcək fəaliyyətində uğurlar arzuladı.
Sonda çıxış edən Vüqar İsayev ona göstərilən yüksək etimada görə öz təşəkkürünü bildirdi, qarşıya qoyulan vəzifələrin icrası üçün çalışacağını diqqətə çatdırdı.