CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Erməni girovluğundakı soydaşımızın oğlu haray çəkir

Kürdoğlu Əsgərov: "Beynəlxalq Qırmızı Xaç Komitəsindən əlimizi çoxdan üzmüşük"
Sputnik

BAKI, 1 oktyabr — Sputnik. Bu gün Bakıda, erməni girovluğunda olan Dilqəm Əsgərovun doğum günü ilə bağlı mətbuat konfransı keçirilib. Sputnik Azərbaycan xəbər verir ki, tədbirdə Dilqəm Əsgərovun ailə üzvləri, ictimai fəallar, media nümayəndələri, tanınmış ziyalılar və QHT rəhbərləri iştirak ediblər.

Rusiyanın Azərbaycandakı səfiri: "Dilqəm Əsgərovdan üz döndərməmişik"

"Mərhəmət" Kimsəsizlərə Yardım İctimai Birliyinin sədri İlhamə Tapdıq qeyd edib ki, 2014-cü il iyulun 11-də Rusiya vətəndaşı Dilqəm Əsgərov, həmçinin Azərbaycan vətəndaşları Şahbaz Quliyev və Həsən Həsənov öz ata-baba yurdlarını ziyarət etmək üçün, hazırda Ermənistan tərəfindən işğal altında saxlanılan Kəlbəcər rayonuna gəliblər: "Bu zaman Dilqəm Əsgərov və Şahbaz Quliyev Ermənistan hərbçiləri tərəfindən girov götürülüb, Həsən Həsənov isə öldürülüb".

"Qondarma qurumun "məhkəmə"sinin qərarı ilə Dilqəm Əsgərov ömürlük, Şahbaz Quliyev isə 22 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Azərbaycan rəsmiləri müxtəlif səviyyələrdə, Dilqəm Əsgərov və Şahbaz Quliyevin girovluqdan buraxılmasını tələb etsələr də, bu istiqamətdə heç bir əhəmiyyətli addım atılmayıb" — deyə İ.Tapdıq diqqətə çatdırıb.

Tədbirdə çıxış edən D.Əsgərovun oğlu Kürdoğlu Əsgərov isə, heç bir beynəlxalq təşkilatın onun atasının aqibəti ilə maraqlanmadığını bildirib: "Təsəvvür edin ki, özlərini nüfuzlu beynəlxalq təşkilat kimi təqdim edən qurumlar baş verənlərə göz yumur və seyrçi mövqe sərgiləyir".

"Beynəlxalq Qırmızı Xaç Komitəsindən də əlimizi çoxdan üzmüşük. Bu qurum ötən ilin noyabrından atamdan məktub gətirə bilmir. Mənə bildirirlər ki, guya atam bizə məktub yazmaq istəmir. Təbii ki, buna nəinki biz, kimsə inamaz" — K.Əsgərov vurğulayıb.

Sonda tədbir iştirakçıları bildiriblər ki, Dilqəm Əsgərov və Şahbaz Quliyevin girovluqdan xilas olması üçün beynəlxalq təşkilatlara, ölkəmizdəki ATƏT-in Minsk Qrupuna üzv dövlətlərin, o cümlədən həmsədr ölkələrin səfirliklərinə müraciət edəcəklər.