BAKI, 1 oktyabr — Sputnik. Xəzər rayonunun Binə qəsəbəsində 160 saylı marşrutla hərəkət edən 10 TG 106 dövlət nömrə nişanlı sərnişin avtobusu ilə qatarın toqquşmasında maşinistin heç bir günahı yoxdur və hər iki tərəfdə şlaqbaum bağlı olub".
Sputnik Azərbaycan xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova deyib. O bildirib ki, avtobus qatarın keçməsini gözləmədən onun yoluna daxil olub və məlum qəza baş verib. Hadisə Binə-Qala şosesinin 34-cü kilometrliyində baş verib.
Onun sözlərinə görə, qəzaya uğrayan yük qatarı Dübəndiyə gedirmiş, onun qoşqusunda 12 boş çən olub: "Avtobusun sürücüsü, 1986-cı il təvəllüdlü Şıxəliyev Əlixan Əlibaba oğlu özü də sağ qolundan xəsarət alıb".
Sözügedən hadisə ilə bağlı cinayət işi başlanıb. Bu barədə isə Respublika Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətinin rəhbəri Rüfət Quliyev deyib.
Onun sözlərinə görə, faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Nəqliyyat İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb.
Qeyd edək ki, hadisə zamanı xəsarət alanların sayı 34-ə çatıb. Yaralılardan 13 yaşlı məktəbli xəstəxanaya çatdırılarkən dünyasını dəyişib.