CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qapısındakı qıfılı ildə bir dəfə açılan ev: Orada iki əsrlik tarix yatır

Onun Qusarda yaşadığı evi bir çoxları ev muzeyi kimi bilsə də, təəssüf ki, bu ev şəxsi mülkiyyətdir
Sputnik

Leyla Abdullayeva, Sputnik Azərbaycan.

BAKI, 30 sentyabr — Sputnik. Dahi rus şairi Mixail Lermontov 181 il bundan əvvəl Azərbaycanın dilbər guşələrindən olan Qusar rayonunda yaşayıb. Onun Qusarda yaşadığı evi bir çoxları ev muzeyi kimi bilsə də, təəssüf ki, bu ev şəxsi mülkiyyətdir. Buna səbəb isə həmin evin qarşısında Lermontovun barelyefinin olmasıdır. Rayon sakinlərinin dediyinə görə, barelyef 30-35 il əvvəl inşa olunub. Və rayonda ondan başqa şairi nişan verəcək heç nə yoxdur.

Qusarda yerləşən, vaxtilə M.Y.Lermontovun yaşadığı ev

Qusar sakinləri Sputnik Azərbaycan-ın bölgə müxbiri ilə söhbətlərində bildiriblər ki, rayonda şairin ev muzeyinin yaradılması təqdirəlayiq olardı.

Rayon sakini Əlirza Quliyev deyib ki, neçə illərdir bu mövzu qusarlıları çox narahat edir: "Belə bir dahi şairin, dahi şəxsiyyətin burada ev muzeyinin təşkil edilməsi bizə də çox xoş olardı. Bilirsiniz ki, biz Rusiya dövləti ilə həmsərhədik. Rusiyadan və Qafqaz ölkələrindən gələn turistlər üçün də Lermontovun ev muzeyi çox maraqlı olardı. Təəssüflər olsun ki, bura şəxsi mülkdür və ildə bir dəfə açılır".

Qusar camaatı Mədəniyyət Nazirliyinə səslənərək, rayonda Lermontovun ev muzeyinin qurulmasını xahiş ediblər.

Qeyd edək ki, Lermontov Qafqaza Puşkinin xatirəsinə həsr etdiyi "Şairin ölümü" şeirinə görə sürgün olunub. O zamanlar Qusarda baş verən üsyanı yatırmaq üçün göndərilən batalyonun üzvi kimi sürgün həyatı yaşayıb. Lermontov Qusarda olan zaman isə şair kimi fəaliyyətini davam etdirib. O dövrdə "Zabitlər küçəsi" adlanan Dvoryan küçəsində, hərbi həkim olan tanışının evində yaşayıb.

Qusarda yerləşən, vaxtilə M.Y.Lermontovun yaşadığı ev

Şair Qusarda yaşadığı dövrdə yerli sakinlərlə yaxın münasibət qurmağı bacarıb. Buna sübut kimi, onun rayonun Çiləgir kəndindən olan Hacı Əli Əfəndi ilə tanışlığını göstərmək olar. O, burda yaşadığı müddətdə "Aşıq Qərib", "Qaçaq Hacı", "Qaçaq İsmayıl bəy" poemalarını, həmçinin "Xəncər", "Ayrılıq" və "Gənc Ləzgi" şeirlərini yazıb. Deyilənə görə, "Gənc ləzgi" şeirini ləzgi olan bir xanıma həsr edib.

"Lermontovun ev muzeyi" kimi tanınan, şəxsi mülkiyyət olan evin qapısı isə qıfıllıdır. Qonşuların bəziləri mənzil sahibinin xarici dövlətdə, bəziləri isə Bakı şəhərində yaşadığını bildirdilər. Onu da öyrənə bildik ki, mənzilin sahibi ancaq yay aylarında burada yaşayır. Həmin mənzilin şairin ev muzeyi kimi fəaliyyət göstərə bilməməsinin səbəbi isə orada şairə məxsus əşyaların kifayət qədər olmamasıdır. Şairin azsaylı əşyaları isə Qusar Tarix Diyarşünaslıq muzeyində saxlanılır.

Məsələ ilə bağlı Qusar Rayon Mədəniyyət İdarəsinin rəhbəri David İbrahimxəlilov ilə əlaqə saxladıq. O da sözügedən evin şəxsi mülk olduğunu təsdiqlədi. Sözügedən evi muzeyə çevirmək haqda isə elə bir xəbər və ya fikrin olmadığını bildirdi. Amma qeyd etdi ki, gələcəkdə bu haqda düşünəcəklər.